“Bankomat 700 avromu “uddu”, günlərdir geri ala bilmirəm”- Kapital Bankdan şikayət

Kapital Bankın bankomatı vasitəsilə kartına 700 avro mədaxil etmək istəyən vətəndaş pulunun geri qaytarılmadığını iddia edir.

Plat.az xəbər verir kki, Qurban Hüseynli adlı vətəndaş sosial şəbəkədə paylaşım edərək bildirib ki, hadisə oktyabrın 21-də saat 13:00–13:30 radələrində Park Azure Biznes Mərkəzinin aşağı hissəsində yerləşən "Kapital Bank" bankomatında baş verib.

Şikayətçinin sözlərinə görə, bankomat vasitəsilə avro kartına 700 avro yerləşdirmək istəyərkən texniki problem yaranıb. Vətəndaş bildirib ki, əməliyyat zamanı bankomatın ekranında kənar əşya ilə bağlı xəbərdarlıq görünüb. O, pulunu geri götürmək istəsə də, pul yerləşdirilən bölmə bağlanıb və ekranda «Xahiş edirik, pulunuzu götürün» yazısı əks olunub.

Lakin iddiaya əsasən, bankomat nə pulu qaytarıb, nə də əməliyyatla bağlı qəbz təqdim edib. 

Şikayətçi dərhal bankın 196 Çağrı Mərkəzi ilə əlaqə saxladığını, ertəsi gün xaricə səfər edəcəyini bildirərək müraciətinin təcili qaydada araşdırılmasını istədiyini qeyd edib. Qurban Hüseynlinin sözlərinə görə, bank əməkdaşları adi müraciətlərə 3 iş günü ərzində baxıldığını bildirsələr də, onun təcili statusla qeydə alınan müraciəti 5 iş günü ərzində nəticələnməyib. Vətəndaş bu müddətdə üç dəfə Çağrı Mərkəzinə zəng etdiyini, həmçinin hər gün Birbank-ın onlayn dəstək xidmətinə yazdığını bildirib.

Onun sözlərinə görə, bütün müraciətlərinə araşdırmanın davam etdiyi və nəticə barədə məlumat veriləcəyi cavabı verilib. Şikayətçi xaricdə olduğunu və ölkəyə 10 gün sonra qayıdacağını bildirərək vəsaitə təcili ehtiyac duyduğunu vurğulayıb. Amma məsələ həllini tapmayıb. 

"Kapital Bank" sosial şəbəkə üzərindən şikayətə cavab olaraq bildirib ki, müştərinin müraciəti nəzarətə götürülüb və prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

«Araşdırmanın yekun nəticəsi barədə ən qısa müddətdə sizə məlumat təqdim olunacaq», – deyə bankın cavabında qeyd edilib.

Bununla belə, bankın açıqlamasında vəsaitin müştəriyə nə zaman qaytarılacağı və problemin yaranma səbəbi barədə konkret məlumat verilməyib.

Tarix: Bu gün, 16:11
Xəbəri paylaş



Xəbər lenti