13 il bundan öncə mənim 40 yaşım var idi. Həmin dövrdə rəhbərlik etdiyim “Gündəm Xəbər” qəzeti ölkənin ən populyar mətbuat orqanlarından biri idi. Ancaq bu uğur Ramiz Mehdiyevin qətiyyən xoşuna gəlmirdi. Çünki onun müxalifət partiyalarından birinin adından çıxış edən və birbaşa özünün himayə etdiyi xüsusi bir qəzeti var idi. O, öz nəzarətindəki həmin nəşrə heç bir alternativin olmasını istəmirdi.
Bütün bunlara rəğmən, haqqımda uydurma vergidən yayınma maddəsi ilə cinayət işi başlanmasına göstəriş verildi. Bu sifarişi həmin dövrdə prezidentin köməkçisi vəzifəsini tutan Əli Həsənov icra edirdi. İlk tapşırıq sabiq və mərhum vergilər naziri Fazil Məmmədova verildi və qondarma "vergidən yayınma" qərarı çıxarıldı.
Bu qərardan dərhal sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin o zamankı rəisi Kamran Əliyevə növbəti tapşırıq ötürüldü. Bunun ardınca haqqımda iki il davam edən qondarma istintaq aparıldı və iş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərildi. Orada gərgin keçən məhkəmə prosesinin yekununda barəmdə 3 il şərti cəza çıxarıldı.
İddialarımda haqlı olduğum üçün işi Apellyasiya Məhkəməsindən sonra Ali Məhkəməyə qədər qaldırdım. Təəssüf ki, Ali Məhkəmə də hökmü qüvvədə saxladı. Əlqərəz, Ali Məhkəmənin möhrünün mürəkkəbi hələ qurumamış və qərarı tam əlimə almamış, guya məhkəmə qərarını icra etməməyim bəhanəsi ilə işi Yasamal Rayon Məhkəməsinə göndərdilər. Təbii ki, bu məhkəmədə də Ramiz Mehdiyevin birbaşa sifarişi ilə məni birbaşa 5 il azadlıqdan məhrum etmək istəyirdilər.
Nəhayət, gərgin çəkişmələrlə keçən məhkəmə prosesinin sonunda barəmdə 4,5 il şərti cəza kəsdilər. Beləliklə, Ramiz Mehdiyevin "sayəsində" ümumilikdə 7,5 il şərti cəza aldım.
Bütün bu təqiblərin və basqıların yeganə səbəbi isə Ramiz Mehdiyevin və Əli Həsənovun Azərbaycan dövləti və cəmiyyəti üçün nə qədər təhlükəli məmurlar olduqlarını qəzetimdə açıq şəkildə işıqlandırmağım idi.
İndi isə taleyin və zamanın çarxı elə bir istiqamətə fırlandı ki... Ramiz Mehdiyev məndən düz 6,5 il artıq şərti cəza almış oldu. Mən bu ağır sınağın cəzasını 47,5 yaşımda başa vurdum. Ramiz Mehdiyev isə özünün bu cəzasını tam 102 yaşında başa vuracaq.
Belə yerdə ata-babalarımız nə gözəl deyiblər: "Nə tökərsən aşına, o da çıxar qarşına."

Müəllif: Şirin Cəfəri