
Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Səadət Məmmədova "Bolmart" mağazalar şəbəkəsinin 9-cu mikrorayon filialından aldığı qarabaşaq çörəyinin üzərində kif və mənşəyi məlum olmayan ləkələr olduğunu bildirib.
Paytaxt.org xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Jurnalist bildirib ki, dünən axşam "Bolmart"dan "N1" markasına məxsus qarabaşaq çörəyi alıb. Səhər yeməyi zamanı çörəyin bir dilimini yedikdən sonra digər dilimin üzərində ağ ləkə görüb.
S.Məmmədovanın sözlərinə görə, əvvəlcə ləkənin un olduğunu düşünsə də, onu silkələdikdən və əli ilə yoxladıqdan sonra fərqli bir maddə ola biləcəyindən şübhələnib. Çörəyin üzərindəki açıq çəhrayımtıl rəngli ləkənin qoxusu divar boyası emulsiyasını xatırladıb.
Jurnalist çörəyin üç dilimində bu cür ləkələr olduğunu, alt dilimlərə baxarkən isə adi kif əlamətləri gördüyünü qeyd edib. O, məhsulun köhnə olduğunu ehtimal edib və çörəyin hansı şəraitdə istehsal olunduğu, saxlanıldığı və satışa çıxarıldığı ilə bağlı suallar ünvanlayıb.
S.Məmmədova qlüten həssaslığına görə bu növ çörəklərə üstünlük verdiyini və məhsulu 2 manata aldığını vurğulayıb.
Jurnalist Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edərək "N1" markalı çörəyin istehsal olunduğu müəssisədə araşdırma aparılmasını istəyib.
S.Məmmədova, həmçinin "Bolmart" mağazalar şəbəkəsində vaxtı keçmiş və ya keyfiyyətini itirmiş məhsulların satışdan çıxarılması mexanizminin necə işlədiyinin müvafiq qurumlar tərəfindən araşdırılmasını tələb edib.
