
İsraildə səslərin 84.5 faizinin sayılmasından sonra baş nazir Benyamin Netanyahunun bloku liderdir. Beləliklə Netanyahu Bloku 54, Eyzenkot Bloku 49, ərəb partiyaları 17 yer əldə edib.
Bu nəticə ilə B.Netenyahu və bloku qalib görünsə də, İsrailin siyasi sistemi elə qurulub ki, seçkilərdə birinci yeri tutmaq avtomatik olaraq hakimiyyətə gəlmək demək deyil. Reallıq ondan ibarətdir ki, bu nəticə ilə heç bir blok tək başına yeni hökumət qura bilmir. 120 deputatdan ibarət Knessetdə hökumətin formalaşdırılması üçün isə ən azı 61 mandatlıq dəstək tələb olunur. Bu isə ayrı-ayrı partiyaların nəticələrindən daha çox, onların seçkidən sonra hansı tərəflə əməkdaşlığa hazır olmasından asılıdır.
Hazırkı mənzərədə Netanyahuya qarşı olan qüvvələr ictimai dəstək baxımından müəyyən üstünlük nümayiş etdirsələr də, vahid siyasi strategiya və ortaq koalisiya modeli ətrafında birləşməkdə çətinlik çəkirlər. Buna görə də müxalifətin seçkilərdə uğurlu nəticə əldə etməsi ilə Netanyahunun hakimiyyətdən getməsi arasında hələ də ciddi siyasi məsafə var.
Misal üçün, ərəblər müxalifətə uzaqdan dəstəklə azlıq höküməti qurmağı təklif etsə də, Liberman və Eyzenkot bunu da rədd edib. Belə olan halda Eyzenkot və Netanyahunun anlaşmadan başqa yolu yoxdur. Bu isə Netanyahu üçün yaxşıdır.
Netanyahunun əsas üstünlüyü məhz bu parçalanmadan qaynaqlanır. Onun rəhbərlik etdiyi siyasi düşərgə daxilində ideoloji ziddiyyətlər və maraq toqquşmaları mövcud olsa da, sağ və dini partiyaların uzun illər ərzində formalaşmış əməkdaşlıq təcrübəsi var. Bu partiyalar üçün Netanyahu ilə ittifaq yalnız siyasi seçim deyil, həm də öz elektoratlarının maraqlarını hökumət səviyyəsində qorumaq vasitəsidir. Ultra-ortodoks partiyaların dini icmaların hüquqları, hərbi xidmətdən azadolma və dövlət resurslarının bölüşdürülməsi ilə bağlı tələbləri də koalisiya münasibətlərində mühüm yer tutur. Beləliklə, hakim düşərgənin mövqeləri zəifləsə belə, onun daxilindəki siyasi əlaqələrin müxalifətə nisbətən daha oturuşmuş olması Netanyahuya əlavə manevr imkanları verir.
Netanyahuya qarşı ittifaq ehtimalı
Müxalifətin qarşısındakı əsas problem isə Netanyahunu tənqid etməkdən daha çox, onun yerinə hansı hökuməti quracağını müəyyənləşdirməkdir. Qadi Eyzenkot, Naftali Bennett və digər siyasi fiqurların Netanyahuya alternativ yaratmaq marağı ortaq olsa da, bu maraq onların bütün məsələlərdə eyni mövqedən çıxış etdikləri anlamına gəlmir. Dünyəvi sağ qüvvələrlə liberal düşərgənin, eləcə də ərəb partiyalarının mümkün əməkdaşlığı ilə bağlı fikir ayrılıqları müxalifətin imkanlarını məhdudlaşdırır. Xüsusilə ərəb partiyalarının hökumətin formalaşdırılmasında oynaya biləcəyi rol müxalifət üçün həm parlament çoxluğuna çatmaq imkanı, həm də siyasi baxımdan həssas məsələdir.

Məncə, bu ziddiyyət müxalifətin siyasi strategiyasındakı əsas boşluğu üzə çıxarır. Yəni Netanyahuya qarşı olmaq hələ onun yerinə sabit hökumət qurmaq üçün kifayət etmir. Seçicilərin bir hissəsi mövcud hakimiyyətin dəyişməsini istəyir və bu, heç kəsə sirr deyil, lakin bu istək özlüyündə yeni hökumətin hansı prinsiplər əsasında fəaliyyət göstərəcəyinə dair razılıq yaratmır. Müxalifət liderləri arasında baş nazir postuna kimin iddialı olacağı, koalisiya tərəfdaşlarına hansı güzəştlərin ediləcəyi və ərəb partiyalarının dəstəyinin hansı formada təmin olunacağı kimi məsələlər aydınlaşdırılmadıqca, seçki uğurunun real hakimiyyət dəyişikliyinə çevrilməsi çətin olaraq qalacaq.
İsrail seçicisinin mövqeyi
Seçki kampaniyasının gedişində müxalifətin mövqelərini gücləndirən əsas amillərdən biri təhlükəsizlik məsələləri ilə bağlı ictimai narazılıqdır. 7 oktyabr 2023-cü il hücumları İsrail cəmiyyətində hökumətin təhlükəsizlik siyasətinə və dövlət institutlarının fəaliyyətinə dair ciddi suallar yaradıb. Qəzza müharibəsi, Livan istiqamətindəki hərbi əməliyyatlar və İranla qarşıdurma təhlükəsizlik mövzusunu seçicilərin gündəliyində saxlayır.
Bir tərəfdən, hökumətin baş verənlərə görə məsuliyyət daşıdığını düşünən seçicilər hakimiyyət dəyişikliyinə meyil göstərə bilərlər. Digər tərəfdən, regionda təhlükələrin davam etməsi sərt təhlükəsizlik siyasətini və güclü rəhbərlik arqumentini önə çıxara bilər. Netanyahu uzun siyasi fəaliyyəti ərzində məhz bu arqumentdən öz mövqelərini möhkəmləndirmək üçün istifadə edib.
Hökumətin gələcək taleyinə təsir edən digər məsələ ultra-ortodoks yəhudilərin hərbi xidmətə cəlb olunmasıdır. Bu mövzu sadəcə dini icmalarla dövlət arasındakı mübahisə deyil, İsrail cəmiyyətində yükün ədalətli bölüşdürülməsi ilə bağlı daha geniş problemdir. Hərbi xidmət təhlükəsizlik sisteminin ayrılmaz hissəsi olduğu üçün bir qrupun xidmətdən azad edilməsi digər təbəqələrdə narazılıq yaradır. Netanyahu isə dini partiyaların dəstəyini qorumaqla hökumətinin parlament dayaqlarını saxlamaq arasında çətin seçimlə üzləşir. Bu ziddiyyət onun koalisiya daxilində manevr imkanlarını məhdudlaşdırdığı kimi, müxalifətə də hakimiyyətin alternativini təqdim etmək üçün əlavə siyasi imkan yaradır.
Bununla belə, ictimai narazılığın avtomatik olaraq siyasi dəyişikliyə çevriləcəyini düşünmək düz deyil. Məsələ ondadır ki, seçicilərin hökumətin fəaliyyətindən narazı olması ilə müxalifətin təklif etdiyi alternativə etimad göstərməsi fərqli məsələlərdir. Eyzenkotun əsas vəzifəsi yalnız Netanyahunun siyasətini tənqid etmək deyil, təhlükəsizlik, hərbi xidmət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində inandırıcı proqram təqdim etməkdir. Müxalifət bunu bacarmadığı halda hakimiyyətin zəifləməsi yeni siyasi çoxluğun formalaşmasına gətirib çıxarmaya bilər.

Seçkidən sonrakı durum
Artıq səsvermənin başa çatması göstərir ki, seçkiqabağı dövrdə mövcud olan qeyri-müəyyənlik aradan qalxmayıb. İlkin seçki proqnozları və exit-poll nəticələrinə görə, Likud ayrı-ayrı partiyalar arasında önə çıxsa da, nə Netanyahu tərəfdarları, nə də Eyzenkotun rəhbərlik etdiyi müxalifət düşərgəsi hökumət qurmaq üçün tələb olunan 61 mandatı təmin edə bilib. Ərəb partiyalarının əldə etdiyi mandatlar da yeni hökumətin formalaşdırılması prosesində əhəmiyyətli amilə çevrilib. Bununla belə, yekun nəticələr və koalisiya danışıqlarının gedişi müəyyənləşmədən hakimiyyətin kimə keçəcəyini qəti söyləmək mümkün deyil.
Bu mənzərə İsraildə siyasi böhranın seçki günü ilə bitmədiyini göstərir. Əksinə, əsas mübarizə indi parlament çoxluğunun formalaşdırılması uğrunda başlayır. Netanyahu seçkilərdə gözlənilən siyasi itkilərə baxmayaraq, sağ və dini partiyalarla əməkdaşlıq imkanlarını qorumağa çalışacaq. Eyzenkot isə seçicilərin dəyişiklik istəyini real hakimiyyət alternativinə çevirmək üçün bir-birindən fərqli siyasi qüvvələr arasında razılaşma əldə etməlidir. Ərəb partiyalarının dəstəyi bu baxımdan həlledici ola bilər, lakin belə dəstəyin hansı formada təmin ediləcəyi və müxalifət daxilində qəbul olunub-olunmayacağı ayrıca siyasi problemdir. Tərəflər kompromisə nail ola bilməsələr, İsrailin yenidən növbədənkənar seçkilərə getməsi ehtimalı gündəmə gələ bilər.

Təbii ki, indiki məqamda əsas məsələ xarici siyasət baxımından İsraildə mümkün hakimiyyət dəyişikliyini ölkənin regional kursuna necə təsir edəcəyidir. Mən köklü şəkildə dəyişikliyin olacaını düşünmürəm. Misal üçün, İranın regional təsirinin məhdudlaşdırılması, ABŞ-la strateji tərəfdaşlığın qorunması və İsrailin təhlükəsizlik maraqlarının təmin edilməsi siyasi düşərgələr arasında əhəmiyyətli ortaq məqamlardır. Fərqlər daha çox bu məqsədlərə hansı vasitələrlə nail olunacağı, diplomatiyaya nə qədər yer ayrılacağı və regional tərəfdaşlarla münasibətlərin necə qurulacağı məsələlərində ortaya çıxa bilər.
Türkiyə və Azərbaycanla münasibətlər
Ankara ilə Təl-Əviv arasında Qəzza müharibəsi və regional təhlükəsizlik məsələləri ətrafında yaranmış ciddi fikir ayrılıqları hökumət dəyişikliyi ilə avtomatik aradan qalxmayacaq. Bununla belə, daha praqmatik siyasi yanaşma diplomatik kanalların bərpasına və qarşıdurmanın idarə olunmasına müəyyən imkanlar yarada bilər. Lakin yenə də bu münasibətlərin mütləq normallaşacağı demək deyil, amma tərəflərin ortaq maraqlarının olduğu sahələrdə dialoq üçün şərait formalaşa bilər.
Azərbaycan–İsrail münasibətlərində isə strateji əməkdaşlığın davamlılığı daha geniş institusional və qarşılıqlı maraqlara əsaslanır. Müdafiə sənayesi, təhlükəsizlik, enerji və digər sahələrdə formalaşmış əlaqələr İsraildəki siyasi dəyişikliklərdən asılı olmayaraq münasibətlərin əsasını təşkil edir. Yeni hökumətin regional siyasətində müəyyən taktiki dəyişikliklər baş versə belə, Bakı ilə Təl-Əviv arasında əməkdaşlığın davam etməsi üçün ciddi qarşılıqlı maraqlar mövcuddur.
Müəllif: Turan Rzayev,
AXS.az