Niyə görülən işlərə ləkə salırsınız? - Spikerdən Aqil Abbasa etiraz


Niyə görülən işlərə ləkə salırsınız? - Spikerdən Aqil Abbasa etiraz

"Ağdamda atamın 6 otağı, 8 sot torpağı şəhərin mərkəzində idi. Beş bacı, iki qardaşıq, bizə ev düşmür. Bu dəqiqə Ağdamda böyük tikinti gedir. İlk əvvəl məişət şəraiti yaxşı olmayanları köçürürlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

"1970-ci ildən Bakıda yaşayıram. Qaçqın, məcburi köçkün statusu daşımıram. Mənim atamın mülkündə tikilən evdən niyə mənə düşməsin? Ağdamdan öz cibimin puluna ev almalıyam? Nə mənə, nə bacı-qardaşlarıma ev düşür. Bu məsələyə baxılsın. Qaçqın statusuna yenidən baxılmalıdır", - deyə deputat bildirib.

Spiker Sahibə Qafarova deputatın fikirləri ilə razılaşmadığını və onun bu çıxışı ilə görülən işlərə ləkə saldığını bildirib: “Bu qədər iş görülür və niyə siz ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Hardan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız".

Tarix: Bu gün, 13:29
Xəbəri paylaş



Xəbər lenti