
Cəlilabad rayonunda bir neçə il əvvəl asfalt örtüyü çəkilmiş yolların hazırkı vəziyyəti narazılıq doğurur. Sakinlər uzun illər yol problemindən əziyyət çəkdikdən sonra aparılan asfaltlama işlərinin vəziyyəti yaxşılaşdıracağına ümid etsələr də, gözləntilər tam doğrulmayıb.
Ekologiya.az-ın xəbərinə görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Kadrlardan yollarda asfalt örtüyünün dağıldığı, bəzi hissələrdə örtüyün yararsız vəziyyətə düşdüyü görünür.
Bildirilir ki, sözügedən yollara təxminən 2-3 il əvvəl asfalt çəkilib. Uzun müddət yol infrastrukturunun yenilənməsini gözləyən sakinlər aparılan işlərdən sonra rahat gediş-gəlişin təmin olunacağına ümid edirdilər. Lakin qısa müddət ərzində yolların yenidən bərbad vəziyyətə düşməsi görülən işlərin keyfiyyəti ilə bağlı suallar yaradıb.
Yollardakı asfalt örtüyünün hansı səbəbdən dağıldığı, tikinti zamanı keyfiyyət standartlarına nə dərəcədə əməl edildiyi və yaranmış problemlərin aradan qaldırılması üçün hansı tədbirlərin görüləcəyi maraq doğurur.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Qurumun mövqeyini dərc etməyə hazırıq.