
Zəfər Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvin Şakir oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı qazimizin ailəsini ürəkdən təbrik edib, yeni dünyaya gəlmiş körpəyə uzun ömür, möhkəm cansağlığı arzulayaraq qiymətli hədiyyə təqdim edib.
Görüş zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə məhz Elvin kimi igid oğulların şücaəti sayəsində əldə olunub. Qeyd olunub ki, o, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralanaraq sağlamlığını itirib.
Qeyd edək ki, qazi Elvin İsmayılzadə Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Cari ildə Elvin İsmayılzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunmuşdur.
Vətən Müharibəsi qazisi Elvin İsmayılzadə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
