
Paytaxt Bakıda vətəndaşların mülkiyyət hüquqlarını kobudcasına tapdalayan, qanunları və etik normaları tamamilə heçə sayan məmur özbaşınalıqları artıq dözülməz həddə çatıb. Şəhərdə gedən qanunsuz söküntülər, vətəndaşların xəbəri olmadan evlərinə basqın edilməsi və əmlaklarının məhv olunması cəmiyyətdə haqlı olaraq sərt qəzəb və etiraz doğurur. Dövlət qulluqçusu adına ləkə olan bəzi məmurlar səlahiyyətlərini aşaraq öz vicdansız əməlləri ilə minlərlə insanın hüquqlarını tapdalayır, dövlətin adından sui-istifadə edərək əsl xaos yaradırlar.
AXS.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olan son videogörüntülər Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Təftiş və Nəzarət şöbəsinin müdiri İsmayılovun rəhbərliyi ilə baş verən dəhşətli qanunsuzluqları bütün çılpaqlığı ilə ortaya qoyur. Kadrlardan aydın görünür ki, vətəndaş evdə olmadığı, həmin qısa zaman kəsiyində – məhz cümə namazına getdiyi vaxtdan məkrli şəkildə istifadə edən qurum işçiləri və texnika qanunsuz olaraq başqasına məxsus mülkiyətə soxulublar. Heç bir hüquqi sənəd, məhkəmə qərarı və ya qabaqcadan rəsmi xəbərdarlıq təqdim olunmadan vətəndaşın evi dağıdılıb, darmadağın edilib.
Ən dəhşətli və absurd məqamlardan biri odur ki, qanunsuz söküntü zamanı başqa bir ünvanda və ya bitişik ərazidə aparılan işlərin bəhanəsi gətirilərək iddia olunub ki, guya "ikinci mərtəbəyə daş düşüb, ona görə oranı da sökəcəyik".
Lakin məlum olur ki, dağıdılan həmin mənzil və ya obyekt tamamilə başqa şəxsə məxsusdur və heç bir təhlükəsizlik və ya qəza vəziyyəti mövcud deyil. Sadəcə olaraq, məmur işçiləri özbaşına şəkildə istədikləri mülkiyyətə basqın edir, bəhanələr uyduraraq insanların illərlə qazandıqları zəhməti bir göz qırpımında yerlə-yeksan edirlər. Vətəndaş evə qayıdanda gördüyü mənzərədən şoka düşür, əmlakının məhv edildiyini görüb haqlı olaraq etiraz edir. Lakin qarşı tərəfdən heç bir üzrxahlıq edilmir, əksinə, məmurun nümayəndələri vətəndaşla saymazyana, kobud və ikrah doğuran tərzdə davranaraq insan ləyaqətini alçaltmağa çalışırlar.
Bu cür özbaşınalıqlar bir daha sübut edir ki, bəzi icra məmurları qanunları heçə sayır, vətəndaşın mülkiyyət hüququnu qorumaq əvəzinə, əksinə, əhalini narazı salmaq üçün əllərindən gələni edirlər. İsmayılovun rəhbərlik etdiyi qurumun bu cür quldur metodları ilə hərəkət etməsi, xəbərdarlıq etmədən başqasının evinə girib dağıtması və sonra da absurd bəhanələr gətirməsi heç bir hüquqi çərçivəyə sığmır. Vətəndaş haqlı olaraq bildirir ki, ekskavatorla evi qəsdən söküb dağıdıb indi də üstünə "daş düşüb" yalanını gətirirlər. Bu cür məsuliyyətsizlik və qanunsuzluq cəmiyyətdə dövlət qurumlarına olan etimadı sarsıtmaqla yanaşı, açıq-aşkar sosial gərginlik yaradır.
Hüquq-mühafizə orqanlarının bu biabırçı və qanunazidd əməllərə dərhal müdaxilə etməsi, başqasının evinə qanunsuz soxularaq əmlakı dağıdan məsul şəxslərin əməllərinə hüquqi qiymət verilməsi tələb olunur. Zülfəli kimi məmurların törөtdikləri bu özbaşınalıqlar cavabsız qalmamalı, hər bir vətəndaşın mülkiyyət toxunulmazlığı qanunla sərt şəkildə qorunmalıdır. Əhalinin haqlı səsi və etirazları göstərir ki, bu cür despotik idarəçilik üsuluna son qoyulmalı, qanunsuzluq edən hər kəs qanun qarşısında cavab verməlidir.
Əli Səfərli