
Azərbaycanda çox tanınan və Serj Sarkisyanın Xocalı ilə bağlı ifadələrindən hər zaman sitat gətirən(hansı ki, bu sitat heç də onun xoşuna gəlmirdi) Vaşinqtonda Karnegi Mərkəzində çalışan Tom De Vaalın bu gün Ermənistanın kapitulyasiyasına münasibətini oxudum. O, “bu ermənilər üçün böyük məğlubiyyətdir”-deyib. Çünki bu şəxs də ermənilərin yenilməz olduğunu və onları savaşla məğlub etməyin mümkünsüz olduğunu düşünənlərdən və təbliğ edənlərdən biridi. Hələ başqa bu cür ekspertlərin səslərini eşitməmişəm və hesab edirəm ki, onların səsləri də artıq batıb. O baxımdan hesab edirəm ki, ermənilərin sözünü deyən tanıdığım və çoxsaylı mübahisələrim olduğu ekspertlərin çoxu ermənilər kimi məhv olmuşlar.
Son illər bu ekspertlə onun Vaşinqtondakı ofisində görüşdüyüm zaman, mənim gəldiyimi bildiyi halda, yəqin ki, qəsdən olaraq Dağlıq Qarabağ separatçı rejiminin böyük bir “bayrağını” öz ofisində asmışdı. Təbii, o bu bayrağı mənə yanıq vermək və onunla bu haqda mübahisə etmək üçün asmışdı. Lakin mən o parçanı görməzdən gəldim və düşündüm ki, bu məsələni mübahisə mövzusu etsəm, bu elə bu “bayrağın” mövcud olması mənasında olacaq. Ona görə heç fikir vermədim.
Söhbət əsnasında bu məsələni necə həll edəcəksiniz soruşanda, “ermənilər dinc yolla torpaqlardan çıxmırlar və biz müharibə yolu ilə bu torpaqları geri alacağıq” dedim. “Siz bu kiçik ərazi parçası üstündə müharibə edəcəksiniz?”-soruşdu. Niyə etməyək ki, dedim. Bəs torpaqları necə geri alaq?. “Sizin enerji layihələriniz var,iqtisadiyyatınız dağılar..”- dedi. Əsas təsiredici o idi ki, işğal edilmiş 7 rayon tam qulaqardına vurulur və ancaq ermənilərin yaşadığı ərazi önə çəkilirdi...
Yeri gəlmişkən, ABŞ-da bu haqda danışan kimi, “enerji borularınızın təmas xəttindən neçə km məsafədə olduğunu bilirsiniz” təhdidi ilə cavab verirdilər. Bunu həm hökümət və həm də ekspert dairəsi deyirdi. Prezident Buş və sonra Obama hökümətində də çalışan, Avropa və Avrasiya üzrə Dövlət Departamentinin koordinatoru Daniel Frid torpaqlar məsələsini qaldıran kimi, bu enerji borularının erməni qüvvələrindən məsafəsini hesablayırdı və deyirdi ki, savaş başlasanız ermənilər həmən bu boru kəmərlərini nəzarətə alacaqdır. Yəni, bununla elə işğalçını açıq dəstəkləyir və onlara sanki legitimlik verir, Azərbaycanı isə qorxuzub sonucda işğalın davam etməsinə xidmət edirdilər.
Bu fikirləri yazmaqda məqsədim odur ki, Azərbaycan oxucusu və intellektual dairəsi Azərbaycana kimin dost, kimlərin isə hər zaman erməni işğalını malalayan olduğunu bilsinlər. Kimin ekspert və kimlərin lobbiçi ekspert olduğunu bilsinlər. Bu ekspertlər hər zaman Dövlət departamentini və baçqa dövlət təşkilatlarını erməni arqumentləri ilə təmin edirlər. Onların işi- güçü bizim torpaqlarımızın üstündə riyazi tənlik qurub, yüz cür yazı pozu yazırdılar ki, çörək pulu qazansınlar. Artıq Azərbaycan ordusu bu cür çox sayda ekspertlərin də haram çorəyini kəsdi. Eşq olsun Azərbaycan ordusuna!
Elxan MehdiyevTanınmış konfliktoloq
Tarix: 13-11-2020, 11:49