AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR

AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Bu müddət ərzində dünyanın 191 ölkəsindən Azərbaycana ümumilikdə 1 milyon 831,8 min nəfər səfər edib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir ki, Azərbaycana gələnlərin ölkələr üzrə bölgüsündə Rusiya və Türkiyə ilk iki yerdə qərarlaşıb. Belə ki, hesabat dövründə ölkəyə gələnlərin 27,1 faizi Rusiya Federasiyasının, 19,4 faizi isə Türkiyənin payına düşüb. İran və Gürcüstan da Azərbaycana gələnlərin sayına görə əsas ölkələr sırasında yer alıb. Ümumilikdə gələnlərin 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi isə Qazaxıstanın vətəndaşları olub.
Digər ölkələr üzrə göstəricilər belədir: İsraildən gələnlər ümumi sayın 3,7 faizini, Pakistandan gələnlər 3,5 faizini, Özbəkistandan gələnlər 3,1 faizini, Çindən gələnlər 2,8 faizini, Hindistandan gələnlər 2,6 faizini, Səudiyyə Ərəbistanından gələnlər isə 2,4 faizini təşkil edib. Ukrayna vətəndaşlarının payı 1,6 faiz, Türkmənistan vətəndaşlarının payı 1,3 faiz olub. Almaniya və Böyük Britaniyanın hər birinin payına 1,1 faiz düşüb. Belarus vətəndaşları və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycana gələnlərin ümumi sayının 1 faizini təşkil edib. Digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payı 12,2 faiz olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələnlərin sayı ölkələr və regionlar üzrə fərqli istiqamətlərdə dəyişib. Belə ki, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə çatıb. MDB ölkələrindən Azərbaycana səfər edənlərin sayında da artım qeydə alınıb. Bu ölkələrdən gələnlərin sayı 4,3 faiz yüksələrək 699 min nəfər təşkil edib.
Bunun əksinə olaraq, Körfəz ölkələrindən gələnlərin sayında əhəmiyyətli azalma baş verib. Hesabat dövründə həmin ölkələrdən Azərbaycana gələnlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz azalaraq 218,3 min nəfərə düşüb. Digər ölkələrdən gələnlərin sayı da azalıb. Bu qrup üzrə göstərici 5,5 faiz geriləyərək 820,3 min nəfər təşkil edib.
İqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində Azərbaycana gələn turistlərin sayının azalmasının əsas səbəblərini açıqlayıb. O bildirib ki, bu prosesə regiondakı hərbi-siyasi gərginlik, quru sərhədlərin uzun müddətdir bağlı qalması və turizm bazarında rəqabətin güclənməsi təsir göstərir.
İqtisadçının sözlərinə görə, xüsusilə ABŞ-İran qarşıdurması və onun Yaxın Şərqə təsirləri beynəlxalq turizmə ciddi zərbə vurub. Azərbaycana gələn turistlərin sayındakı azalma da əsasən ərəb və Körfəz ölkələrindən gələn ziyarətçilər arasında müşahidə olunur.
“Ölkədə turizmin zəifləməsinin, Azərbaycana gələn turistlərin sayının azalmasının müxtəlif səbəbləri var. Bunların arasında əsas diqqəti regionda baş verən hadisələr çəkir. Xüsusilə ABŞ-İran qarşıdurması və bu gərginliyin Yaxın Şərq ölkələrinə yayılması həm qlobal turizmə mənfi təsir göstərib, həm də ölkəmizə gələn turistlərin sayını azaldıb”, – deyə Xalid Kərimli bildirib.
O qeyd edib ki, regionda hava məkanlarının bağlanması, hava limanlarının fəaliyyətində yaranan çətinliklər və təhlükəsizliklə bağlı narahatlıqlar turistlərin səyahət planlarına təsir edib. Eyni zamanda, aviabiletlərin bahalaşması səfərləri daha da əlçatmaz edib.
“Əbu-Dabi, Dubay və Doha kimi beynəlxalq aviasiya qovşaqlarının fəaliyyətində təhlükəsizliklə bağlı yaranan çətinliklər, eləcə də təyyarə yanacağının kəskin bahalaşması uçuşların qiymətinə təsir göstərib. Ucuz reyslərin azalması, bəzi uçuşların ləğv edilməsi və daha qısa marşrutların uzun uçuşlarla əvəzlənməsi səyahət xərclərini artırıb. Azərbaycan da regiondakı proseslərdən kənarda qalmayıb. Ölkəmizin Yaxın Şərqə yaxın yerləşməsi və təhlükəsizliklə bağlı narahatlıqlar turizm bazarımıza mənfi təsir göstərir”, – deyə iqtisadçı vurğulayıb.
Xalid Kərimli turizm sektoruna mənfi təsir edən digər mühüm amil kimi Azərbaycanın quru sərhədlərinin uzun müddətdir bağlı qalmasını göstərib. Onun fikrincə, bu məhdudiyyət ölkəyə səfər imkanlarını azaldır və turizmin inkişafını çətinləşdirir.
İqtisadçı həmçinin Azərbaycanın regional turizm bazarında rəqabət qabiliyyətinin artırılmasına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, qonşu ölkələr turistlərə daha cəlbedici şərtlər və sərfəli imkanlar təqdim etməklə bu sahədə üstünlük qazanırlar: “Turizm rəqabətli sektordur. Turist gedəcəyi ölkəni seçərkən ona təqdim olunan imkanları, səfərin xərcini və təkliflərin cəlbediciliyini nəzərə alır. Bu baxımdan, turistlərə daha əlverişli şərtlər təqdim edən ölkələr üstün mövqeyə çıxırlar. Regional ölkələr turizm sahəsində işlərini Azərbaycandan daha yaxşı qurduqları üçün daha çox turist cəlb edə bilirlər. Məsələn, Gürcüstan bəzən Azərbaycandan üç dəfə çox turist qəbul edir”.
İqtisadçı hesab edir ki, Azərbaycanda turizmin inkişafı üçün ilk növbədə səfər xərcləri azaldılmalı, ölkəyə giriş-çıxış prosedurları sadələşdirilməli və viza rejimi daha əlçatan olmalıdır: “Turizmin inkişafı üçün ilk növbədə Azərbaycana gəliş və ölkədən gediş xərclərini aşağı salmaq lazımdır. Turist səfərini planlaşdırarkən nəqliyyat xərclərinə ciddi fikir verir. Bununla yanaşı, ölkəyə giriş-çıxışı asanlaşdırmaq, viza tələblərini sadələşdirmək, zəruri hallarda isə viza rejimini ləğv etmək lazımdır”.
Xalid Kərimli turizm potensialının daha geniş təbliğinin və ilboyu turist cəlb edə biləcək istiqamətlərin inkişafının da vacibliyini vurğulayıb.
Onun fikrincə, tədbir, ekoloji, kənd və sağlamlıq turizminə diqqətin artırılması Azərbaycanın mövcud imkanlarından daha səmərəli istifadə etməyə kömək edə bilər: “Azərbaycanın turizm potensialının təbliğinə daha çox diqqət yetirilməli, ilboyu turizmi dəstəkləyən sahələr inkişaf etdirilməlidir. Xüsusilə tədbir, ekoloji, kənd və sağlamlıq turizminin genişləndirilməsi üçün məqsədyönlü addımlar atılmalıdır. Bu, ölkəmizin turizm bazarında rəqabət qabiliyyətini artırmağa və daha çox turist cəlb etməyə imkan verə bilər”.
Tarix: Bu gün, 20:51
Xəbəri paylaş



Xəbər lenti