Rəhmətlik Sabir bir zamanlar yazırdı ki, “əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz”. Gün keçdi, ay dolandı, biz nəinki avtomobil mindik, hətta avtoşluq belə etdik. Maşallah indi maşın əlindən tərpənmək olmur, günümüz də tıxaclarda keçir.
Söhbətə maşından başlamaqda məqsədim heç də tıxacdan-zaddan danışıb qanınızı qaraltmaq deyil. Qədimdə bütün yollar Romaya apardığı kimi indi də paytaxtımızda bütün yollar BŞTİ-nə aparır. Nədən ki, təhsil millətin gələcəyidir, bu sahəyə məsul olan idarələrdə də gərək hər şey şəffaf olsun. Nə yazıqlar olsun ki, Bakı şəhərinin Təhsil İdarəsində şəffaflıqdan əsər əlamət belə qalmayıb. Düzdür İdarənin hər tərəfində müşahidə kameraları quraşdırılsa da onlar da ancaq lazım olan ərazini müşahidə edirlər. Yəni ki, kameralar da Nərminə Hüseynovanın əmrinə müntəzirdir.
Vaxtınızı çox almadan keçirəm əsas mətləbə. Şəkildə gördüyünüz qara rəngli avtomobil Nərminə xanımın xidməti maşınıdır. Deyəcəksiniz ki, olmalıdır da, necə də olsa bu boyda paytaxtın təhsil idarəsinin müdiridir. Nə deyirik, ziyadə olsun. Amma bir iş var ki, bu maşını Nərminə xanım ailəsinin xidməti maşınına çevirib, gördüyünüz kameralar da ancaq onun bu sevimli oyuncağını çəkməklə məşğuldur. Yəni kameralar maşına xidmət edir, maşın da Nərminə xanımın ailəsinə. Məhşur filmdə deyildiyi kimi, “siz bizim üçün çalışırsınız, biz də özümüz üçün”. Dövlətin öz məmuru üçün ayırdığı və maliyələşdiridiyi maşın olub Nərminə xanımın övladının oyuncağı. Hər gün onu təmtəraqla Avropa liseyinə aparır, gətirir, gəzməyə götürür, gəzməkdən gətirir. Heç insafdırmı ki, BŞTİ-nin müdirinin övladı da metroda, avtobusda məktəbə getsin, sıravi Əhmədin balası da. Göy kişnəyib bulud ağlamazmı, dağlar, daşlar dilə gəlməzmi ? Axı o bir məmur övladıdır, o xidməti maşında gəzməlidir, qulluğunda durulmalıdır, nazıyla oynanılmalıdır. Bu da müharibə-zad deyil ki, sıravi Əhmədin oğlu sinəsini sipər eləsin !
Görəsən Nərminə xanıma kim icazə verib ki, dövlətin xidməti maşınını öz şəxsi məqsədləri üçün istifadə edir. Biz sadəcə bu iki fotoşəkli paylaşdıq, etika xatirinə məktəblinin dövlətin xidməti maşınından necə yararlanmasını yayımlamadıq. İnanmırıq ki, öz övladını dövlətin maşınında məktəbə göndərən Nərminə xanım kasıb-kusubun balasına bir gün ağlasın.
BŞTİ-dən söz düşmüşkən Nərminə xanımın müavini Turanə Məcidli adını çıkməsək həm öz xatirinə dəyər, həm də qayınanasının. Maşallah BŞTİ tam bir ailə podratı ilə işləyir. Biri dövlətin maşınını övladının xidmətinə verir, birinin qayınansının adı rüşvət qalmaqalında hallanır.
Xatırlayırsınızsa T.Məcidlinin qayınanası Bakı İdman Liseyinin direktoru Təhminə Əsədovanın 5500 manat rüşvət qalmaqlaı barəsində yazmışdıq. Onu da qeyd etmişdik ki, məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılır. İşin yaş olduğunu görən Turanə Məcidli qayınansının ərizəsini alaraq vəzifədən getməsinə şərait yaradıb. Necə deyərlər dükan tozdu çıx aradan məsəli. Bax beləcə böyük bir rüşvət qalmaqlı, eləcə də digər korrupsiya əməlləri ört-basdır ediıir.
Hə, bir də sonda “Qaynana” filmində rəhmətlik Nəsibə xanımın sözləri yadıma düşdü bu yerdə - “ Qorxuram o cuqlu-muqlu səni çoox uzaqlara aparsın haa” ...Elə bil rəhmətlik ,Nərminə xanımın maşınını, Turanə xanımın da qaynanasını düşünübmüş bu sözləri deyəndə...