
Söz vaxtına çəkər. Keçən il oktyabrın sonunda ETN təşkilatçılığı ilə “Azərbaycan Respublikası 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində elm və ali təhsil sahəsinə dair təkliflərin müzakirəsinə həsr edilən ictimai dinləmə keçirilmişdi. Müzakirədən bir il vaxt keçib, yəqin ki, yeni strategiya indi hazırdır, yaxın aylarda da təsdiq edilər. Amma maraqlı budur ki, ETN əvvəlki illərdəki vacib öhdəlikləri yerinə yetirmədən necə öz üzərinə yeni öhdəliklər götürə bilər?
ETN Azərbaycan Respublikası 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nı nə vaxt yerinə yetirdi ki, indi də növbəti strategiyanın icrasına qoşulmaq istəyir?
Bu yaxınlarda bu barədə ayrıca məqaləmiz olmuşdu. Ümumən isə bu il yekunlaşacaq strategiyanın elm və təhsilə aid bəndlərinin keyfiyyətsiz və natamam icrası ilə əlaqədar son 5 ildə xeyli məqalə yazmış, bu bəndlərin icra vəziyyətini təhlil etmişik.
Yaxşı olardı ki, ETN 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının təhsilə dair bəndlərinin uğursuz icrasını təhlil etmək üçün xüsusi ictimai dinləmələr, konfranslar keçirsin, bu mövzuda fəaliyyəti hiss edilməyən ETN-nin Kollegiya iclasını təşkil etsin, uğursuzluqların səbəblərini təhlil etsin.
Əks halda ETN dövlətin vacib qərarlarının icrasına yenə də məsuliyyətsiz yanaşacaq və onları yenə də yarımçıq icra edəcək.
2027-2030-cu illər üzrə sosial- iqtisadi inkişaf strategiyasının təhsilə dair bəndləri çox ehtimal ki, yenə də uğursuz icra ediləcəkdir.
Nazir tez-tez deyir ki, səhvlərdən nəticə çıxarmaq uğurun əsas səbəbidir. Bəli.
Nazir sözdə yenə də haqlıdır, əməl isə başqa durumu göstərir.
Son illər ETN -nin səhvlərini çox görsək də, onların təhlilini və bu səhvlərdən nəticə çıxarıldığını, uğur qazanıldığını heç görmədik. Əks halda təhsilimiz indiki ağır durumda olmazdı.
ETN elm və təhsil sahəsində əhatəli kompleks inkişaf strategiyası, inkişaf proqramları yaratmaq və icra etmək əvəzinə, NK qəbul etdiyi ümumi strategiyaların kiçik bir hissəsinin icraçısı olaraq özünü görür.
Deməli təhsilin köklü problemlərinə dair məqsədli inkişaf proqramlar hazırlamaq və reallaşdırmaq, təhsilin köklü problemlərini həll etmək gücündə deyillər. Təhsilin problemləri elə miqyasdadır ki, onların həllinə ayrıca strategiyalar və inkişaf proqramları həsr edilməlidir.
Bəs ölkə rəhbərliyinin “təhsil bir nömrəli prioritet sahədir” tapşırığını ETN nə vaxt icra etməyə başlayacaq?
2027-ci il dövlət büdcəsi layihəsində təhsilə 5, 1 milyard manat ayrılması nəzərdə tutulur.
Layihəyə əsasən, məktəbəqədər təhsilə 434 773 917,0 manat, ümumi təhsilə 2 185 406 764,0 manat, peşə təhsilinə 115 405 379,0 manat, orta ixtisas təhsilinə 102 106 990,0 manat, ali təhsilə 240 553 245,0 manat, əlavə təhsilə 17 366 617,0 manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 8 259 199,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlərə isə 1 995 114 250,0 manat ayrılması planlaşdırılır.
Elm istiqaməti üzrə isə 257 920 835,0 manat ayrılması nəzərdə tutulur.
Maraqlıdır, təhsil sahəsində digər müəssisə və tədbirlərə 2 milyard manata yaxın maliyyə, yəni büdcənin 40 % ayrılır və bu xərclərin strukturu açıqlanmır.
Bu halda ETN hansı büdcə şəffaflığından söhbət edə bilər?
Ali təhsilə, yəni 51 universitetə 240 milyon ayrılır, yəni hər universitetə ortalama 5 milyon manata yaxın maliyyə ayrılır. Müəyyən qədər də ödənişli təhsildən pul gəlir universitetlərə. Təcrübə göstərir ki, ödənişli təhsildən gələn məbləğin çox hissəsi universitetlərin təmir-tikinti xərclərinə yönəlir. Yerdə qalan məbləğ də 51 universitetin maaş fonduna gedir.
Bəs universitetlər hansı maliyyə ilə elm və təhsili inkişaf etdirəcəklər?
Universitetlərimizin qlobal inkişafdan 20 il geri qalmalarının əsas səbəbi məhz budur. Maliyyəsiz, investisiyasız, strategiyasız, ancaq təmir aparmaqla indiki zamanda universitetin inkişafı mümkün deyil.
Belə görünür ki, universitetlərdəki bu ağır durum 2027-ci ildə də davam edəcək.
ETN büdcə- maliyyə planlaşdırılmasında niyə təhsilin bir nömrəli prioritet olmasını belə tez unudur?
Az maliyyə ilə universitetlərin inkişafı mümkün deyil, bu büdcə ilə yalnız reytinqlərdə cüzi, manipulyativ ” irəliləyiş” mümkündür.
Belə idarəetmə və maliyyə siyasəti ilə nə universitetlər inkişaf edəcək, nə də təhsilimiz bir nömrəli prioritet sahə olacaqdır.
İllər ərzində yığılan təhsil problemlərini indi də həll edilməyəcəksə, bəs nə vaxt həll ediləcək?
Dos. İlham Əhmədov