
Elm və Təhsil Nazirliyinin tabeliyində olan müvafiq qurum müəllim və rəhbər kadrların işə qəbulu, sertifikatlaşdırılması və imtahan proqram təminatlarının texniki dəstəyi ilə bağlı irihəcmli satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi kompleks İT və elektron sistemlər xidməti üzrə "ALL İN ONE TECHNOLOGİES" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1308647111) ilə müqavilə bağlayıb.
İmtahan sistemləri, sertifikatlaşdırma və modernləşdirmə xidməti
Müqavilənin şərtlərinə və tələblərinə əsasən, ayrılan vəsait hesabına ölkə üzrə müəllimlərin işə qəbulu (MİQ), müəllimlərin yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, məktəb direktorlarının işə qəbulu və imtahan elektron sistemlərinə fasiləsiz texniki dəstəyin göstərilməsi, operatorluq xidmətinin təşkili və mövcud sistemlərin müasir İT standartlarına uyğun modernləşdirilməsi işləri həyata keçiriləcək.
Rəsmi registr göstəricilərinə əsasən, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yarım milyon manatdan çox vəsait ayırdığı "ALL İN ONE TECHNOLOGİES" QSC-nin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir.
Müəssisənin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 24 ünvanında yerləşir. QSC-nin qanuni təmsilçisi isə İradə Anoxina Vaqif qızıdır.
Cəmi 10 manat nizamnamə kapitalı olan bir şirkətin ölkə miqyasında minlərlə müəllim və təhsil işçisini əhatə edən strateji imtahan və MİQ platformalarının operatorluğunu və modernləşdirilməsini necə icra edəcəyi diqqət çəkən məqamlardandır.