
Heç kimi bəyənməmək də özlüyündə ciddi bir problemdir. Xüsusən də insanın bütün fəaliyyəti başqalarının qüsurlarını axtarmaq, kiminsə sözünü əyri yozmaq, kiminsə şəxsiyyətini müzakirə obyektinə çevirmək üzərində qurulubsa.Belə adamların qəribə bir xüsusiyyəti var. Özləri haqqında danışmağa başlayanda mövzu tez tükənir, başqalarından danışanda isə saatlarla söz tapırlar. Sanki öz şəxsiyyətlərinin konturlarını başqalarının qüsurları ilə cızmağa çalışırlar. Birini bəyənmirlər, o birini qəbul etmirlər, üçüncünü lağa qoyurlar. Hamı nədəsə yararsızdır, hamı nədəsə qüsurludur, hamı nəyisə səhv edir. Bir özləri istisna olmaqla.Məsələ tənqiddə deyil. Tənqid düşüncənin, intellektual fəaliyyətin vacib hissəsidir. Məsələ ondadır ki, tənqid insanı anlamaq vasitəsi olmaqdan çıxıb onu gözdən salmaq üsuluna çevriləndə artıq orada fikir yox, şəxsi nümayiş başlayır. Üstəlik, başqalarının adları, əməlləri, səhvləri və mübahisələri hesabına özünə auditoriya toplamaq cəhdi varsa, onda ortaya başqa bir sual çıxır: bu adamın özünün insanlara təqdim edə biləcəyi nəyi var?Çünki kimisə tənqid etmək üçün xüsusi istedad tələb olunmur. Hər kəs nöqsan tapa, irad bildirə, hətta lağ edə bilər. Əsl məsələ tənqid etdiyin adamdan fərqli olaraq, özünün nə yaratdığını, hansı fikri ortaya qoyduğunu, hansı işin altına imza atdığını göstərə bilməkdir. Başqasının səhvini tapmaqla öz doğruluğunu sübut etmək olmur.Ən ironik tərəfi isə budur ki, başqalarının həyatını müzakirə etməklə məşğul olan adam bir müddət sonra öz həyatını həmin müzakirələrin içində itirir. Başqaları öz işini görür, yaxşı-pis yazır, yaradır, yaşayır. O isə onların nə etdiyini danışır. Beləcə, birinin fəaliyyəti, digərinin fəaliyyətinin mövzusuna çevrilir. Və qəribədir, ikinci adam bəzən bunu üstünlük hesab edir.Halbuki başqalarının üzərində yüksəlməyə çalışan insanın özünün nə qədər yüksəldiyini anlamaq üçün çox sadə bir meyar var. Onun haqqında danışdıqlarını çıxanda, geriyə nə qalır?Hamını bəyənməmək olar. Heç kimin fikri ilə razılaşmamaq da olar. Ancaq az qala bütün dünyanı bəyənməyən adamın bir dəfə də özünə kənardan baxması pis olmazdı. Bəlkə onda anlayardı ki, problem həmişə qarşısındakı adamlarda deyil. Bəzən insanın ömrü boyu axtardığı qüsur, başqalarının həyatında deyil, özünün qurduğu məşğuliyyətin içində gizlənir..