Bakının Qaradağ rayonunda yerləşən "Servis+" MTK-nın inşa etdiyi binalarda yüzlərlə sakini narahat edən və kütləvi etirazlara səbəb ola biləcək ciddi qalmaqal alovlanıb. "DİA-AZ" xəbər verir ki, tikinti şirkətinin şəriklərindən biri olmuş, zamanında tikintidəki narazılıqlara, maliyyə məsələlərinə görə oradan uzaqlaşdırılan Nazim Tahirov tərəfindən qurulan sxem nəticəsində 700-ə yaxın mənzil və qeyri-yaşayış sahəsi sahibi mülkiyyət hüquqlarını itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Sakinlərin verdiyi məlumata görə, təxminən 1-2 il əvvəl Nazim Tahirov kürəkəni Turan Mirzəliyev vasitəsilə “Servis+” MTK-da çoxsaylı mənzil və qeyri-yaşayış sahələrinin satışını təşkil edib.

Alqı-satqı prosesi tam qanuni qaydada həyata keçirilib, maliyyə arayışları və hüquq müəyyənedici sənədlər Turan Mirzəliyev tərəfindən imzalanaraq vətəndaşlara təqdim olunub. Lakin satışdan cəmi 1 il keçdikdən sonra gözlənilməz hadisə baş verib.
Nazim Tahirov MTK sədri vəzifəsinə təyin etdirdiyi öz sürücüsü Zəka Zeynalovun adından Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Bu gün məhkəmədən tələb olunur ki, vaxtilə Turan Mirzəliyev tərəfindən vətəndaşlara verilmiş maliyyə arayışları və hüquq müəyyənedici sənədlər etibarsız sayılsın, satılmış mənzillər və qeyri-yaşayış sahələri geri alınaraq MTK-ya qaytarılsın. Nazim Tahirov kürəkəninin vətəndaşlardan aldığı vəsaitləri də geri qaytarmaq haqda düşünmür.

Məsələnin ən absurd və qalmaqallı tərəfi odur ki, məhkəmədə etibarsız sayılması tələb olunan həmin sənədlərin hər birinin altında elə Nazim Tahirovun kürəkəni Turan Mirzəliyevin öz imzası var. Yəni, faktiki olaraq, Nazim Tahirov bir tərəfdən kürəkəni vasitəsilə vətəndaşlara əmlak sataraq pulları mənimsəyib, digər tərəfdən isə sürücüsü Zəka Zeynalovun adı ilə həmin əmlakları sakinlərin əlindən almağa çalışır.
Yeri gəlmişkən, Zəka Zeynalov bu səpkili qanunsuz hərəkətlərinə görə Suraxanı rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs olunub.

Baş verən bu qanunsuzluq və açıq dələduzluq sxemi "Servis+" MTK-dan mənzil almış sakinlər arasında kəskin narazılıq və hiddət doğurub. Yüzlərlə ailə illərlə topladıqları vəsait hesabına aldıqları evlərin əllərindən alınması təhlükəsinə qarşı sərt mövqe ortaya qoyur.
Ehtimallara görə, Nazim Tahirovun bu özbaşınalığı qısa müddətdə dayandırılmazsa, bina sakinlərindən ibarət 700-ə yaxın vətəndaş kütləvi aksiya və etirazlara başlaya bilər. Vətəndaşlar Daxili İşlər Nazirliyindən, Ədliyyə Nazirliyindən və Baş Prokurorluqdan bu məsələləriin araşdırılmasını və hüquqlarının bərpa olunmasını tələb edirlər.
Tarix: Dünən, 23:02