
“Yol Tikintiservis” MMC cərimələnib.
Plat.az-ın əldə etdiyi məlumata görə, inzibati xəta haqqında iş üzrə Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokola əsasən, şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə məcburi auditinin aparılması təmin edilməyib.
Bununla əlaqədar “Yol Tikintiservis” MMC-nin İnzibati Xətalar Məcəlləsinin (İXM) 464-cü (Məcburi auditdən yayınma) maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunub.
İşə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə “Yol Tikintiservis” MMC İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və şirkət barəsində 1 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Qərarla razılaşmayan “Yol Tikintiservis” MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş edib. Şirkət şikayətində Nəsimi Rayon Məhkəməsinin qərarını tamamilə əsassız hesab edib.
İşə apellyasiya instansiyasında baxılarkən Maliyyə Nazirliyinin nümayəndəsi də iştirak edib. Nazirliyin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının izahatını dinləyib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb.
Məhkəmə baxışı zamanı araşdırılan sübutlardan biri “Yol Tikintiservis” MMC-yə ünvanlanmış bildiriş olub. Həmin bildirişdən görünür ki, şirkətin 2024-cü il üzrə maliyyə hesabatlarının auditinin 2025-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə bağlı İXM-in 464-cü maddəsi üzrə məcburi auditdən yayınmaya dair inzibati xəta haqqında işə 2026-cı ildə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı barədə şirkətə əvvəlcədən məlumat verilib.
Məhkəmə iş materiallarında olan bu və digər sənədləri, inzibati xəta haqqında protokolu və baxış zamanı tədqiq edilmiş sübutları birlikdə qiymətləndirib.
Apellyasiya instansiyası qeyd edib ki, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri müəyyən hallarda məcburi audit yoxlamasından keçirilməlidir.
Bu səbəbdən apellyasiya instansiyası “Yol Tikintiservis” MMC-nin məcburi auditdən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilməsini əsaslı hesab edib, şirkətin apellyasiya şikayətini təmin etməyib.
Beləliklə, “Yol Tikintiservis” MMC-nin İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və şirkətə tətbiq edilmiş 1 500 manat məbləğində inzibati cərimə qüvvədə qalıb.
Qeyd edək ki, “Yol Tikintiservis” MMC-nin qanuni təmsilçisi Hüseynov Turan Pənah oğludur. Şirkət 2009-cu ildə vergi uçotuna alınıb, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, akademik Mirəli Qaşqay küçəsi, ev 150, mənzil 10-dur. Təqdim olunan vergi məlumatlarına əsasən, şirkətin 222 941,24 manat vergi borcu var.