İcra başçısı Soyulan kəndində müasir istixana kompleksinin fəaliyyəti və yeni məhsul yığımına hazırlıq işləri ilə tanış olub


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Soyulan kəndi ərazisində fermer Zəfər Nəsirovun istixana kompleksində olub.

Rayon rəhbəri Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri ilə birlikdə müasir istixana kompleksinə baxış keçirib, təsərrüfatın gələcək fəaliyyət istiqamətləri və istehsal potensialının genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıb.

Sahibkar məlumat verib ki, müasir tipli istixana kompleksinin sahəsini 2 hektar artıraraq 3 hektara, məhsul istehsalını isə 200 tondan 600 tona çatdırmaq planlaşdırılır. Qeyd olunub ki, quraşdırılması nəzərdə tutulan əlavə 2 hektardan 1,2 hektarında artıq işlər yekunlaşıb və ümumilikdə 2,2 hektar ərazidə 57 min ədəd pomidor şitili əkilib, qalan 0,80 hektarda isə quraşdırma işlərinə hazırlıq görülür. Yaxın günlərdə məhsul yığımına başlanılacaqdır.

Kompleksdə əlavə olaraq ümumi sahəsi 500 kvadratmetr olan inzibati bina, qazanxana, tutumu 2 min kubmetr olan su anbarı, çeşidləmə məntəqəsi inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksdə hazırda 10 nəfər daimi, 25 nəfər isə mövsümi işlə təmin edilib. İstehsal edilən məhsul həm daxili, həmdə  xarici bazara çıxarılır.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda kənd təsərrüfatının daha da dinamik inkişaf etdirilməsi, ənənəvi sahələrlə yanaşı belə yüksək məhsuldar istixana komplekslərinin genişləndirilməsi barədə öz tövsiyələrini verib. Rayon rəhbəri qeyd edib ki, müasir aqrar texnologiyaların təsərrüfatlara tətbiqi həm su ehtiyatlarına qənaət edilməsi, həm də daxili və xarici bazarlara rəqabətədavamlı, ekoloji təmiz məhsulların çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, rayonda fəaliyyət göstərən digər sahibkarların da bu cür innovativ təcrübələrdən yararlanmasının vacibliyini önə çəkib.

Sonda sahibkar Zəfər Nəsirov kənd təsərrüfatının inkişafına, bölgələrdə sahibkarlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.


Tarix: 12-11-2026, 22:53
Xəbəri paylaş



Xəbər lenti