Yasamal BAŞLI-BAŞINA QALIB... - VİDEO


Bakının mərkəzi rayonlarından biri olan Yasamalda qanunsuz tikinti iddiaları və şəhərsalma qaydalarının pozulması ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Paytaxtın siması, şəhərin memarlıq görünüşü və sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan bu məsələlərə aidiyyəti qurumların hansı səviyyədə nəzarət etdiyi isə ciddi suallar doğurur.

Ölkə başçısı İlham Əliyev dəfələrlə çıxışlarında məmurlara və dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verərək qanunsuzluqlara, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı prinsipial mövqe nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. Lakin Yasamal rayonunda baş verənlər bu tapşırıqların yerli səviyyədə necə icra olunduğu barədə suallar yaradır.
Belə ki, Nyus.Az-ın redaksiyasına daxil olan video-çəkilişdə Yasamal rayonu, Uluxanlı küçəsi ilə Moskva prospektinin kəsişməsində, Moskva prospekti 57 ünvanında yerləşən “Bəyaz” kafesinin daxilində tikinti işlərinin aparıldığı görünür.
Redaksiyamıza təqdim edilən görüntülərə əsasən, obyektdə həyata keçirilən tikinti işlərinin qanuniliyinin araşdırılmasına ehtiyac var. Əsas sual isə budur: Görəsən, bu tikinti işlərinin müvafiq icazə və layihə sənədləri varmı? Əgər varsa, həmin sənədlər hansı qurum tərəfindən verilib?
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun diqqətinə çatdırmaq istərdik ki, sözügedən ünvanda aparılan işlərdən rayon rəhbərliyinin xəbəri varmı? Əgər xəbər varsa, indiyədək hansı tədbirlər görülüb? Yox, əgər məlumat yoxdursa, bəs ərazidə tikinti işlərinə nəzarət hansı qurumun vəzifəsidir?
Eyni zamanda, Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Vüsal Hüseynovun da mövqeyi maraq doğurur. Görəsən, bu tikinti işləri ilə bağlı qurumun hər hansı məlumatı varmı? Təbii ki, hər hansı şəxsin və ya vəzifəli şəxsin bu prosesə icazə verdiyini iddia etmək üçün əlimizdə təsdiqlənmiş fakt yoxdur. Lakin yaranmış vəziyyət aidiyyəti qurumların aydınlıq gətirməsini zəruri edir.
Diqqət çəkən digər məqam isə tikinti işlərinin Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodun bilavasitə yaxınlığında aparılmasıdır. Bu ərazidə görülən işlərin şəhərsalma, təhlükəsizlik və digər müvafiq tələblərə uyğunluğu da səlahiyyətli qurumlar tərəfindən yoxlanılmalıdır.
Bəs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haraya baxır? Paytaxtın mərkəzində, göz önündə aparılan tikinti işlərinin qanuniliyinə nəzarət hansı mexanizmlərlə həyata keçirilir? Əgər hər şey qanun çərçivəsindədirsə, aidiyyəti qurumlar bunu ictimaiyyətə açıqlamalı, əks halda isə qanun pozuntusu aşkarlandığı təqdirdə müvafiq tədbirlər görülməlidir.
Unutmaq olmaz ki, şəhərsalma qaydaları kiminsə şəxsi maraqlarına uyğun dəyişdirilə bilən normalar deyil. Hər bir tikinti obyektinin arxasında qanun, layihə, icazə və məsuliyyət dayanmalıdır.
Nyus.Az


Tarix: Bu gün, 16:52
Xəbəri paylaş



Xəbər lenti