
Dünya bazarında neft və qızıl qiymətlərində müşahidə olunan fərqli istiqamətli dəyişikliklər qlobal iqtisadi proseslərin diqqət mərkəzindədir.
Neftin ucuzlaşması enerji bazarında tələb və təklif balansı, iqtisadi artım perspektivləri və geosiyasi proseslərlə əlaqələndirilirsə, qızılın bahalaşması investorların qeyri-müəyyənlik dövründə daha etibarlı aktivlərə yönəlməsi ilə bağlıdır. Bu dəyişikliklər yalnız dünya bazarlarına deyil, neft ixracatçısı olan Azərbaycana da təsirsiz ötüşmür. Neftin ucuzlaşması Azərbaycanın əsas ixrac gəlirlərinə və dövlət büdcəsinin formalaşmasına hansı riskləri yarada bilər?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, dünya bazarında neftin ucuzlaşması və qızılın bahalaşması qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artması ilə bağlıdır:
“Neftin qiymətinə əsasən dünya iqtisadiyyatının artım tempi, enerji tələbatı, OPEC+ ölkələrinin hasilat siyasəti və geosiyasi proseslər təsir göstərir. Qlobal iqtisadi artımın zəifləməsi, sənaye istehsalının aşağı düşməsi və enerji tələbatının azalacağı ilə bağlı gözləntilər neftin qiymətinə təzyiq yaradır.
Eyni zamanda, geosiyasi gərginliklər və müharibələr bazarda qeyri-sabitlik yaratsa da, bu, hər zaman neftin bahalaşmasına gətirib çıxarmır. Qızıl isə qeyri-müəyyənlik dövründə investorların daha çox üz tutduğu təhlükəsiz investisiya vasitələrindən biridir. Müharibə riskləri, beynəlxalq siyasi gərginliklər, inflyasiya qorxusu, dolların məzənnəsindəki dəyişikliklər və mərkəzi bankların qızıl ehtiyatlarını artırması bu qiymətli metalın bahalaşmasına səbəb ola bilər.
Yəni neft və qızılın qiymətlərindəki fərqli istiqamətlər dünya iqtisadiyyatında həm tələbin zəifləməsini, həm də risklərdən qorunmaq istəyinin artmasını əks etdirir. Hazırda bu tendensiyanın yaxın aylarda da davam etməsi mümkündür, lakin qiymətlərin istiqaməti bir neçə amildən asılı olacaq”.
ABŞ-İran münasibətlərində mümkün yumşalma və Yaxın Şərqdə hərbi eskalasiya riskinin azalması neftin qiymətini aşağı sala bilər:
“Noyabrın 10-da Brent markalı neftin bir barelinin qiyməti 91,88 dollara enib. Bu, oktyabrın 30-da qeydə alınan son zirvə ilə müqayisədə təxminən 22 faiz azdır. Qızıl bazarında isə mərkəzi bankların alışları, geosiyasi risklər və dolların məzənnəsi əsas rol oynayacaq. Buna görə də yaxın aylarda həm neft, həm də qızıl bazarında kəskin qiymət dəyişiklikləri istisna deyil. Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün müəyyən risklər yaradır. Çünki ölkənin ixrac gəlirlərinin və dövlət büdcəsinin əhəmiyyətli hissəsi neft-qaz sektorundan formalaşır.
Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalarsa, Dövlət Neft Fondunun gəlirləri və dövlət büdcəsinə neft sektorundan daxilolmalar azala bilər. Bu, həm büdcə imkanlarına, həm də ölkənin tədiyyə balansına təsir göstərə bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, 2027-ci ilin dövlət büdcəsi hesablamalarında neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb. Bu, o deməkdir ki, qiymətlərin həmin səviyyədən aşağı düşməsi büdcə gəlirləri üçün əlavə risk yarada bilər.
Bununla belə, neftin qiymətindəki enişin manatın məzənnəsinə dərhal təsir edəcəyini düşünmək düzgün olmazdı. Azərbaycanın kifayət qədər böyük strateji valyuta ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və müsbət xarici ticarət saldosu belə təsirləri müəyyən müddət yumşalda bilər. 2026-cı il oktyabrın 1-nə ölkənin strateji valyuta ehtiyatları 89,4 milyard dollar təşkil edib. Buna görə də qısamüddətli perspektivdə manatın məzənnəsinin sabitliyinə ciddi təzyiq yaranması qaçılmaz deyil. Lakin neft gəlirlərinin uzun müddət azalması valyuta bazarına və məzənnə sabitliyinə əlavə təzyiqlər yarada bilər”.
Qızılın bahalaşması isə Azərbaycan üçün müəyyən müsbət imkanlar yaradır:
“İlk növbədə, qızıl hasilatı və ixracı ilə məşğul olan təsərrüfatların gəlirləri arta, Dövlət Neft Fondunun qızıl aktivlərinin bazar dəyəri yüksələ bilər. Lakin qızılın bahalaşmasının neft gəlirlərindəki mümkün azalmanı tam kompensasiya edəcəyini gözləmək doğru olmaz. Çünki Azərbaycanın ixrac və büdcə gəlirlərində neftin çəkisi qızılın çəkisindən xeyli yüksəkdir. İnflyasiyaya təsir məsələsinə gəldikdə, neftin ucuzlaşması dünya bazarında enerji və daşınma xərclərinin azalmasına şərait yarada bilər.
Bu da idxal olunan bəzi məhsulların maya dəyərinə və nəticə etibarilə inflyasiyaya azaldıcı təsir göstərə bilər. Ancaq qızılın bahalaşması birbaşa istehlak qiymətlərinin artması demək deyil. Azərbaycanda inflyasiyanın əsas istiqamətini ərzaq qiymətləri, idxal xərcləri, məzənnə və daxili tələb müəyyən edir. Ümumilikdə, Azərbaycan üçün əsas məsələ neftin qiymətinin qısamüddətli enişindən daha çox, bu tendensiyanın uzun müddət davam etməsi ehtimalıdır”.
İqtisadçı qeyd edib ki, ölkənin valyuta ehtiyatları və fiskal imkanları müəyyən qoruyucu rol oynasa da, neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun genişləndirilməsi və büdcə gəlirlərinin şaxələndirilməsi iqtisadi təhlükəsizlik baxımından vacibdir.