Artıq təhsilə kökündən fərqli yanaşmağın vaxtıdır-Günel Musa

Yenə ən yaralı yerimiz olan təhsildən danışacağam. Məncə, hamı, hər gün danışmalıdır. Hətta bizim hər gün gündəm mövzumuz təhsil olmalıdır. Çünki bu gün təhsildə baş verənlər sabah cəmiyyətin düşüncə tərzini, davranışını, intellektual səviyyəsini, bir sözlə, gələcəyini müəyyənləşdirir.
Azərbaycan təhsili beynəlxalq təcrübəyə əsaslanır. Təhsil sistemimizdə gah bir ölkənin, gah da başqa bir ölkənin modelinə istinad edilir. Kurikulumlar, qiymətləndirmə mexanizmləri, tədris metodları dəyişir, yenilənir, adları dəyişdirilir. Ancaq xeyli zamandır məni bir sual narahat edir. Bütün bu islahatların içərisində bizim öz təhsil fəlsəfəmiz, özümüzə məxsus, fərqli və orijinal yanaşmamız haradadır? 
Bu gün heç kimə sirr deyil ki, məktəbə gedən uşaqların əhəmiyyətli bir hissəsi məktəbi sevmir. Onlar üçün məktəb maraq və kəşf məkanı deyil, yerinə yetirilməsi məcburi olan bir öhdəlikdir. Uşaq səhər dərsə həvəslə yox, zəngin səsinə, davamiyyətə, qiymətə, müəllimin iradına və valideynin tələbini yerinə yetirmək məsuliyyətinə görə gedir.
Mənə elə gəlir ki, artıq təhsilə kökündən fərqli yanaşmağın vaxtıdır.
Niyə ibtidai təhsildən sonra uşaqların maraq və qabiliyyətləri müəyyənləşdirilməsin? Niyə onların gələcək peşə istiqamətləri nəzərə alınaraq fərqli təhsil proqramları formalaşdırılmasın?
Təsəvvür edin, bir uşaq gələcəkdə aktrisa, bəstəkar, rəssam olmaq istəyir. Onun yeddi il boyunca gələcək peşəsi ilə birbaşa əlaqəsi olmayan fənləri eyni həcmdə, eyni intensivliklə öyrənməsi nə dərəcədə məqsədəuyğundur? Əlbəttə, ümumi dünyagörüşü, riyazi təfəkkür, ana dili, tarix və təbiət haqqında ilkin biliklər hər bir insana lazımdır. Ancaq bu o demək deyil ki, gələcəkdə musiqiçi olacaq uşaqla cərrah olmaq istəyən uşaq eyni tədris yükünün altında qalmalıdır. Gələcək həkim olacaq uşağın biologiya, kimya, fizika və digər əlaqəli sahələr üzrə daha dərin biliklərə yiyələnməsinə şərait yaratmaq olmazmı? Ədəbiyyat, musiqi, incəsənət və digər fənləri isə onun ümumi inkişafını təmin edən, lakin ixtisaslaşmasına mane olmayan həcmdə saxlamaq mümkün deyilmi?
Eyni yanaşma rəssam, mühəndis, aktyor, idmançı, proqramçı və başqa peşələrə yönələn uşaqlara da tətbiq oluna bilər.
Mənim təklif etdiyim model uşaqları erkən yaşda qəti peşə seçiminə məcbur etmək deyil. Əksinə, onlara özlərini tanımaq, müxtəlif sahələri sınamaq, qabiliyyətlərini kəşf etmək və tədricən istiqamət seçmək imkanı verməkdir.
Məsələn, ibtidai təhsildən sonra ümumi fənlərlə yanaşı, müxtəlif istiqamətlər üzrə tanışlıq və sınaq proqramları təşkil oluna bilər. Sonrakı mərhələdə şagirdlər maraq və qabiliyyətlərinə uyğun təhsil istiqamətlərini seçə bilərlər. İstiqamətini dəyişmək istəyən uşaqlar üçün də keçid imkanları saxlanılmalıdır.
Beləliklə, məktəb yalnız məlumat ötürən müəssisə deyil, uşağın potensialını üzə çıxaran bir məkana çevrilər.Beləliklə, məktəb yalnız məlumat ötürən müəssisə deyil, uşağın potensialını üzə çıxaran bir məkana çevrilər.
Ən vacib məsələ isə budur: biz uşaqlara gələcəkdə lazım olmayacaq məlumatları əzbərlətmək naminə onların həvəsini, vaxtını və yaradıcılıq enerjisini tükətməməliyik.  Biz təhsili uşağın fərdi xüsusiyyətlərinə uyğunlaşdırmaq əvəzinə, uşağı təhsilin qəlibinə salmağa çalışırıq. Qəlibə sığmayanı isə zəif şagird adlandırırıq.
Halbuki ədəbiyyatı sevməyən uşaq mütləq intellektsiz deyil, riyaziyyatı bacarmayan uşaq mütləq tənbəl deyil. Bəlkə də onun istedadı hələ bizim dərs cədvəlimizə düşməyib.
Məktəbin işi 30-40 uşağın hamısını eyni cür yetişdirmək deyil. Məktəbin işi həmin 40 uşağın içindəki 40 fərqli insanı kəşf etməkdir. Bunun üçün isə biz təhsil modelini kosmetik dəyişikliklərlə deyil, kökündən yenidən qurmalıyıq. Hətta indiki mənada məcburi təhsil anlayışına yenidən baxmalıyıq. 

Müəllif: Günel Musa,

AXS.az

Tarix: 10-11-2026, 12:47
Xəbəri paylaş



Xəbər lenti