Tərxis olunmuş hərbçi HAQQINI TƏLƏB EDİR - MÜRACİƏT


"Mən, 2013-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmiş bir hərbi qulluqçu kimi, üzləşdiyim haqsızlığın araşdırılması və hüquqlarımın bərpa olunması üçün Sizə müraciət edirəm..." 

"DİA-AZ" xəbər verir ki, bunu ölkə rəhbərliyinə ünvanlanmış müraciətindən ordu sıralarından qanunsuz olaraq tərxis olunduğunu vurğulayan Lətifov Yusif İlqar oğlu qeyd edib.
O, müraciətində daha sonra bildirir: "Hərbi xidmətim dövründə dövlətimə və xalqıma sədaqətlə xidmət etmişəm. Lakin təxminən üç ay əvvəl, xidmət vaxtından kənar, axşam saat 22:00 radələrində övladlarıma çörək almaq üçün olduğum yerdə baş vermiş hadisə ilə əlaqədar TikTok sosial şəbəkəsində yayılan görüntülər əsasında barəmdə tədbir görülmüş və hərbi xidmətdən təxris edilmişəm.
Hərbi sənədlərimdə 50-ci maddə və 156-cı maddənin «E» bəndi qeyd olunmuşdur. Bu qərarların hansı hüquqi və faktiki əsaslarla qəbul edildiyinin araşdırılmasını istəyirəm. Xüsusilə, 13 ilə yaxın hərbi xidmətim və xidmət müddətindəki fəaliyyətim nəzərə alınmadan belə ağır qərarın verilməsinin qanuniliyinin yoxlanılmasını xahiş edirəm.
Ailə vəziyyətim də olduqca ağırdır. Atam və anam onkoloji xəstədir, bacım III qrup əlildir, övladlarımın da səhhətində problemlər mövcuddur. Mən məhz ailəmin bu ağır vəziyyətinə görə dövlətə və hərbi xidmətə daha faydalı olmaq, eyni zamanda ailəmi dolandırmaq məqsədilə xidmətimi davam etdirməyə çalışmışam.
2022-ci ildə Müdafiə Nazirliyinin tibbi komissiyasında müayinədən keçmişəm. Hazırda sağlamlıq vəziyyətim və hərbi xidmətə yararlılığım məsələsinin yenidən, obyektiv tibbi müayinədən keçirilməsini istəyirəm.
Mənim dövlətimizdən tələbim imtiyaz deyil, haqqımın və qanuni hüquqlarımın qorunmasıdır.
Sizdən xahiş edirəm:
Hərbi xidmətdən təxris olunmağımla bağlı qərarın qanuniliyinin hərtərəfli araşdırılmasını;
50-ci maddənin və 156-cı maddənin «E» bəndinin tətbiqinin hüquqi əsaslarının yoxlanılmasını;
Hərbi rütbəmə və hərbi biletimdə aparılmış qeydlərə yenidən baxılmasını;
Sağlamlıq vəziyyətimin müstəqil tibbi komissiya tərəfindən qiymətləndirilməsini;
Hərbi xidmətə yararlı olduğum müəyyən edilərsə, xidmətə bərpa olunmağım məsələsinə baxılmasını;
Hərbi xidmətə yararsız olduğum müəyyən edilərsə, qanunvericiliyə uyğun sosial təminat və əlilliyin müəyyən edilməsi məsələsində köməklik göstərilməsini;
Hərbi xidmətə qayıtmağım mümkün olmadığı halda, müvafiq dövlət qurumlarında işlə təmin olunmağıma kömək edilməsini xahiş edirəm.
Mən 2013-cü ildən dövlətimə xidmət etmiş bir vətəndaş kimi, bu gün də dövlətimə və xalqıma xidmət etmək istəyirəm. Xahiş edirəm, müraciətimə obyektiv və ədalətli şəkildə baxılsın, ailəmin ağır sosial vəziyyəti də nəzərə alınsın".


Tarix: 10-11-2026, 13:33
Xəbəri paylaş



Xəbər lenti