Oktyabrın 23-də Hesablama Palatası Təhsildəki Keyfiyyət Təminatı Agentliyinin (TKTA) fəaliyyəti ilə bağlı apardığı yoxlamaların nəticəsini açıqladı. Bu məsələni qısa şəkildə vurğulayıb əsas mövzuya keçəcəm. Hesablama Palatasının əvvələr də təhsil sistemində aşkarladığı çoxsaylı nöqsanlar olub, lakin əldə etdiyimiz məlumatlara əsasən, Palata ilə ETN arasındakı bu məsələ nazir Emin Əmrullayevin dostu, Nazirliyin Ərazi Tikinti Təhcizat İdarəsinin rəisi Valeh Mirzalıyev tərəfindən “həll olunub”. Necə, hansı üsullarla həll olunub, bu mötəbər qurumların çox asanlıqla ortaya çıxara biləcəyi məsələlərdir. Odur ki, ETN rəhbərliyinin 23 oktyabrda açıqlanan hesabatın məsuliyyətindən yayınmaq cəhdlərinin qarşısı alınmalıdır.
Bu ilin oktyabr ayının 23-də açıqlanan və 2023-2025-ci illəri əhatə edən yoxlamaların rəsmi nəticələrindən aydın olur ki, dövlət vəsaitlərinin xərclənməsində rəqabət mühiti tamamilə məhv edilib, satınalmalar tender şərtləri pozularaq gizli şəkildə yalnız “tək mənbədən” həyata keçirilib. Təhsilin keyfiyyətinə nəzarət etməli olan bir qurumun öz daxilindəki rüşvət, nəzarətsizlik və şəxsi maraqlara xidmət ölkə təhsilinin acınacaqlı durumunu bir daha təsdiq edir. Agentliyin həm yoxlayan, həm də hesabat verən tərəf kimi ETN-dən asılı olması açıq korrupsiya məsələlərini önə çıxarır. ETN-də və tabeli strukturlarda maliyyə və satınalma qərarlarına təsirlər məhdud çevrədə, üç-dörd nəfərin əlində cəmləşib. Bu qruplaşma onlara tutduqları vəzifələrin verdiyi rəsmi və qeyri-rəsmi səlahiyyətləri işə salaraq, havaya sovurduqları dövlət vəsaitlərinə başqa qurumlardan gözlənilən nəzarət mexanizmlərini daim zəiflətməyə və beləliklə də hələ uzun illər dövlət vəsaitlərini talamağı düşünürlər. Keyfiyyəti yoxlamalı olan qurum, qrafikləri tamamilə alt-üst edərək təhsil müəssisələrinin akkreditasiyasız, qanunsuz fəaliyyətinə göz yumub. Digər tərəfdən, vətəndaşların xaricdən gətirdiyi saxta sənədlərin kütləvi xarakter alması, diplomların “makler”lərin vasitəsilə 15-20 min manata təsdiqlənməsi bütün ictimaiyyətə məlum və danılmaz faktlardır.
Aidiyyəti dövlət qurumlarının bu günə qədər ictimailəşdirdiyimiz faktlardan əlavə, ETN-nin tabeliyindəki iki qurumun - Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin (rəisi Vüsal Xanlarov) və İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin (müdiri Səbuhi Rzazadə) fəaliyyətini araşdırması da labüddür. Vüsal Xanlarov təhsil sektorunda rəqəmsal transformasiya siyasətinin icrasına yönələn on milyonlarla dövlət vəsaitlərini, S.Rzazadə isə media, PR, marketinq və kommunikaisya adı altında dövlət vəsaitlərini dağıtmaqla məşğuldur. Bu barədə daha sonra…
İndi keçək əsas məsələyə…
Təhsil Nazirliyinin 45 min nəfərlik saxta hesabatı…
Elm və Təhsil Nazirliyi 2025-ci ildə 45 min təhsilverənin ixtisasartırma təlimlərinə cəlb olunduğunu açıqlayıb. Əldə olunan dəqiq məlumata görə, 2025-ci ilin yekun hesabatı hazırlanarkən fəaliyyət planında nəzərdə tutulmuş 45 min nəfərlik hədəfə qarşı mövcud iştirakçı siyahısı təxminən 43 min nəfəri əhatə edib. Rəsmi açıqlamalarda 45 min təhsilverənin ixtisasartırma təlimlərinə cəlb edildiyi iddia olunsa da, əldə edilən səhih məlumatlar və təkzibolunmaz sübutlar bu rəqəmin arxasında dövlət hesabatlarının kütləvi şəkildə saxtalaşdırıldığını ortaya qoyur.
Ortaya çıxan mənzərə sadəcə inzibati xəta deyil, həm də ciddi maliyyə mənimsəmələrinə yol açan sistemli bir mexanizmdir. Bu göstəricinin tamamlanması üçün başqa təlim proqramında iştirak etmiş müəllimlərin siyahısı istənilib və sorğu əsasında təqdim olunduğu əldə olunan məlumatlar sırasındadır.
Şübhəsiz ki, bu məlumatı təsdiqləyən yetərli sübutlara malikik. Bu sübutların əhəmiyyətini nəzərə alaraq, açıqlamırıq. Lakin aidiyyəti qurumlara - Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Hesablama Palatası, Azərbaycan Respublikasının Baş Prokurorluğuna etməyə hazırıq.
Bəs nazir hansı tapşırığı verib…
Hesabat sisteminin bağlanması ərəfəsində bu fərqin kəsir kimi görünəcəyi barədə nazir E.Əmrullayevə məlumat verilib. Planın batacağını və uğursuzluğun rəsmiləşəcəyini görən nazir E.Əmrullayev şəffaf araşdırma aparmaq əvəzinə, məsələni qanunsuz yollarla “həll etmək” göstərişi verib.
O, öz müşaviri və eyni zamanda Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) illərdir direktor vəzifəsini müvəqqəti icra edən yaxın şəriki Elnur Əliyevə kəsirin təcili şəkildə doldurulması barədə birbaşa tapşırıq verib. Bu qanunsuz tapşırıqdan dərhal sonra hədəf rəqəmə çatmaq üçün inzibati manipulyasiya maşını işə salınıb. Belə ki, başqa proqram çərçivəsində təlim keçmiş müəllimlərin siyahısının alınması, təsdiqlənməsi və hesabat sisteminə daxil edilməsi üçün müraciət olunub.
Əldə etdiyimiz məlumatlardan görünür ki, müraciətin məqsədi 45 minlik göstərici üzrə yaranmış fərqi aradan qaldırmaq olub. Burada diqqət çəkən məqam əlavə təlimin təşkilindən deyil, başqa proqramın hazır iştirakçı siyahısından istifadə etməklə hesabat göstəricisinin tamamlanmasından söhbət getməsidir. Bu yanaşma faktiki nəticələrin uçotunda plan rəqəminə çatmaq tələbinin önə keçdiyini göstərir. Məqsəd tamamilə fərqli bir proqramın iştirakçılarını mövcud ixtisasartırma hesabatına “yamaq” etmək və kağız üzərində 45 minlik planı doldurmaq olub. Hazır müəllim siyahısı sistemə rəsmən köçürülərək rəqəmlər “düzəldilib”.
Bəs korrupsiya şübhəsi hansı nöqtədə yaranır?
Başqa layihənin iştirakçı siyahısının plan kəsirini aradan qaldırmaq məqsədilə istənilməsi hesabatın süni tamamlanması və təlim nəticələrinin yanlış təqdim edilməsi şübhəsini açıq şəkildə ortaya qoyur. Xüsusilə də, eyni müəllimlərin təkrar sayılması və ya iştirak etmədikləri proqramın müdavimi kimi göstərilməsi ehtimalı yoxlanmalıdır.
Maliyyə ilə bağlı korrupsiya şübhəsi isə siyahının hansı müqavilənin icrasına aid edildiyi nöqtəsində yaranır. Başqa layihə çərçivəsində hazırlanmış müəllim siyahısı ayrıca şirkətin göstərdiyi xidmətin nəticəsi kimi rəsmiləşdirilibsə, həmin şirkətin faktiki göstərmədiyi xidmətin qəbul edilməsi və bunun üçün dövlət vəsaitinin ödənilməsi ehtimalı ortaya çıxır.
Eyni xidmət və ya iştirakın iki maliyyələşmə xətti üzrə əsaslandırılması da ayrıca yoxlanmalıdır. Maliyyə nəticəsi isə ayrıca araşdırılmalıdır, alınmış siyahının hansısa müqavilə üzrə işin görülməsini təsdiqləmək və ödənişi əsaslandırmaq üçün istifadə olunub-olunmadığı müəyyənləşdirilməlidir. Faktiki göstərilməmiş xidmətin qəbul edilməsi və maliyyələşdirilməsi təsdiqlənərsə, korrupsiyanın əsası da ortaya çıxmış olacaq.
Emin Əmrulleyvin etirafı: nazir olmaq istəmirəm, məni zorla saxlayıblar…
Ölkənin təhsil sistemində struktur və idarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı nöqsanlar müntəzəm olaraq ictimaiyyətin gündəminə gəlməkdədir. Lakin E.Əmrullayev hələ də probemləri öz üzərindən atmaqla, “ustalıq” nümayiş etdirir.
Bu azmış kimi, o, nazir olmaq istəmədiyini və zorla bu vəzifədə saxlanıldığını da dilə gətirir. Məsələn, 17 mart 2026-cı ildə ETN-nin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsi çərçivəsində nazir E.Əmrullayevin qonaq olduğu tədbir keçirilib. Bakı Slavyan Universitetində təşkil edilən görüşdə nazir “Təhsil idarəçiliyində strateji baxış və şəxsi liderlik təcrübəsi” mövzusunda çıxış edərək öz fəaliyyət yolunu iştirakçılarla bölüşüb.
O, çıxışı zamanı xüsusi intonasiya, ritorika ilə və bütün tədbir iştirakçılarının qarşısında həyatda daha çox sərbəstliyə önəm verdiyini, əslində nazir olmaq istəmədiyini və özünün bu vəzifədə zorla saxlanıldığını bildirib. Nazir qeyd edib ki, ona hədsiz ehtiyac var və buna görə də hələ də hazırkı postdadır.
Bütün bunları həmin tədbirdə iştirak edən və onun bu fikirlərindən xeyli təəccüblənən nazirliyin əməkdaşları da təsdiq edə bilərlər.
Təbii ki, E.Əmrullayevi heç kəs zorla bu vəzifədə saxlamır, sadəcə öz bacarıqsızlığının bu vəzifəni istəməmək istəyindən irəli gəldiyini, əslində isə əvəzolunmaz olduğunu ifadə etməyə çalışıb.
Həqiqətən maraqlıdır, ortada bu qədər dəhşətli faktlar var, təhsil sistemindən milyonlar qazanıb, bir tərəfdən də nazir olmaq istəmir, o zaman E.Əmrullayev niyə hələ də nazirdir?
Müəllif: Samir Feyruzov - "DİA-AZ"