
İndi gələk spikerimizə. Sahibə Qafarovanın deputatlara qarşı bu cür reaksiyasının ilk dəfə şahidi olmuruq. Zaman-zaman onun çıxış edən deputatlara irad tutduğunu, narazılığını sərt və bəzən də danlayıcı tonda ifadə etdiyini görmüşük. Məsələ ondadır ki, spikerlik vəzifəsi, deyəsən, hələ də onun özündə yaratmalı olduğu məsuliyyət hissi ilə tam uzlaşmayıb.Spiker olmaq sadəcə iclas zalında söz vermək, vaxtı tənzimləmək, qayda pozan deputata irad bildirmək deyil. Bu vəzifə həm də fərqli fikirlərə dözümlülük, müzakirə mədəniyyəti və təmsilçilik məsuliyyəti tələb edir.Onun spiker kürsüsündən deputatlara münasibətini izləyəndə istər-istəməz bir sual yaranır: Milli Məclisin sədri deputatların fəaliyyətini idarə edir, yoxsa onların hansı mövzuda, necə və nə vaxt danışacağına da nəzarət edir? Sahibə xanımın deputata ünvanladığı “Niyə siz bu işlərə ləkə salırsınız?” sualı əslində daha ciddi müzakirəyə ehtiyac yaradır.Məgər deputatın vəzifəsi görülən işləri alqışlamaq, uğurları sadalamaq, hər şeyin qaydasında olduğunu təsdiqləməkdir? Bəs narazılıqları kim səsləndirməlidir? Vətəndaşın həllini gözləyən problemini parlamentə kim gətirməlidir?Parlament tribunasının mahiyyəti elə budur ki, orada təkcə xoşagələn fikirlər deyil, narahatlıq doğuran məsələlər də səslənə bilsin. Deputatın fikri yanlış ola bilər, arqumenti zəif ola bilər, hətta şəxsi marağı da ola bilər. Amma bunların hamısı müzakirə və cavab üçün əsasdır, danlaq üçün yox.Bir də məni təəccübləndirən başqa məqam var. Bizdə deputatların spiker qarşısında davranışı bəzən məktəbli ilə direktor arasındakı münasibəti xatırladır. Halbuki deputat xalqın nümayəndəsidir. Onun məsuliyyəti təkcə spikerə deyil, onu seçən və ya təmsil etdiyi vətəndaşlara qarşıdır.Sahibə xanım unutmamalıdır ki, deputatlar onun tabeliyində çalışan əməkdaşlar deyil. Onlar parlamentin üzvləridir. Spiker onların rəhbəri olmaqdan daha çox, parlamentin fəaliyyətinə rəhbərlik edən şəxsdir. Bu iki anlayış arasında ciddi fərq var..