
Universitet diplomu gənclərin gələcək karyerası üçün mühüm addım sayılsa da, ali təhsilin başa çatması hər zaman ixtisasa uyğun işlə təmin olunmaq demək deyil. Bəzi məzunlar təcrübə tələbi ilə qarşılaşır, bəziləri təhsil aldıqları sahə üzrə vakansiya tapa bilmir, digərləri isə təklif olunan əməkhaqqını qənaətbəxş hesab etmir. Nəticədə gənclərin əldə etdiyi təhsillə əmək bazarının gözləntiləri arasında uyğunsuzluq yaranır.
Bəs problem yalnız iş təcrübəsinin olmamasıdır, yoxsa çətinliklər daha erkən - ixtisas seçimi mərhələsində başlayır?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə Azərbaycanda 15–29 yaş aralığında olan 99 min işsiz qeydə alınıb. Onların 9,3 min nəfəri ali təhsilli olub.
Yaş bölgüsünə nəzər saldıqda, 20-24 yaş qrupunda 58,7 min, 25-29 yaş qrupunda isə 29 min işsiz olduğu görünür. Bu rəqəmlər gənclərin əmək bazarına daxil olduğu dövrdə məşğulluq probleminin aktuallığını göstərir. Bununla belə, yaş qrupları üzrə ümumi işsiz sayı yalnız ali təhsilli gəncləri əhatə etmir.
Ali təhsilli məzunların iş tapmaq imkanlarına təsir edən amillər arasında ixtisas seçimi, praktiki hazırlıq, işəgötürənlərin tələbləri və vakansiyaların mövcudluğu xüsusi yer tutur.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə oktyabrın 22-də paylaşdığı məlumatda DİM psixoloqlarının 2026-cı ilin buraxılış imtahanlarından sonra apardığı araşdırmanın nəticələrinə diqqət çəkib.
Araşdırmaya əsasən, sorğuda iştirak edən cari il məzunlarının yalnız 3,2 faizi ixtisas seçərkən sırf şəxsi maraqlarını əsas götürüb. Respondentlərin 41,8 faizi şəxsi maraqlarını gələcək karyera, gəlir və status kimi amillərlə əlaqələndirib. 31,2 faiz isə seçimində ailə gözləntiləri, topladığı balın yaratdığı imkanlar və digər xarici şərtlərin daha çox rol oynadığını bildirib. İştirakçıların 23,4 faizi karyera, status və gəlirə üstünlük verən praqmatik qrupa aid edilib.
Məleykə Abbaszadənin diqqət çəkdiyi digər məqam xarici amillərin təsiri ilə seçim edən gənclərin imtahan zamanı daha çox stress və təzyiq hiss etmələri, imtahanı isə daha çətin qavramaları ilə bağlıdır.
Bu nəticələr ixtisas seçiminin yalnız abituriyentin şəxsi maraqları ilə müəyyənləşmədiyini göstərir. Ailə gözləntiləri, qəbul balı, gələcək gəlir və cəmiyyətdə nüfuzlu hesab olunan peşələr də qərara təsir edə bilir. Lakin seçilən ixtisasla gəncin qabiliyyətləri və əmək bazarının tələbləri üst-üstə düşmədikdə, bu qərarın nəticələri ali təhsil bitdikdən sonra üzə çıxır.
Araşdırmanın iştirakçılarının cari ilin məzunları olduğunu da nəzərə almaq vacibdir. Buna görə nəticələri bütün ali təhsilli işsiz gənclərə şamil etmək olmaz. Bununla belə, məlumatlar peşə seçiminin daha düşünülmüş və məlumatlı şəkildə aparılmasının əhəmiyyətini gündəmə gətirir.
"Əmək bazarında yalnız bu gün tələb olunan ixtisasları deyil, gələcəkdə aktuallığını qoruyacaq sahələri də nəzərə almaq lazımdır".

Təhsil eksperti Elçin Əfəndi də ixtisas seçimi zamanı əmək bazarının tələblərinin nəzərə alınmasının vacibliyini vurğulayır. Onun fikrincə, bəzi hallarda valideynlərin istəkləri və ənənəvi yanaşmalar gənclərin seçimlərinə təsir edir, lakin seçilən sahəyə real tələbatın olub-olmaması kifayət qədər araşdırılmır.
Ekspertin yanaşmasına görə, əmək bazarında yalnız bu gün tələb olunan ixtisasları deyil, gələcəkdə aktuallığını qoruyacaq sahələri də nəzərə almaq lazımdır. O, gənclərin texniki, humanitar, səhiyyə və digər istiqamətlər üzrə maraq və qabiliyyətlərinə uyğun yönləndirilməsini, ixtisas seçimi zamanı mütəxəssislərin məsləhətindən yararlanmasını vacib sayır.
Elçin Əfəndi əmək bazarındakı ehtiyacların dəyişdiyini, kənd təsərrüfatı, informasiya texnologiyaları və müəyyən pedaqoji istiqamətlər üzrə kadrlara tələbatın olduğunu da qeyd edib.
Beləliklə, ixtisas seçimi yalnız universitetə qəbul olmaq məqsədi ilə məhdudlaşmamalıdır. Gəncin hansı sahədə işləmək istədiyi, hansı bacarıqlara malik olduğu və seçdiyi istiqamətdə gələcək məşğulluq imkanlarının necə dəyişə biləcəyi də nəzərə alınmalıdır.
"Ali təhsil müəssisələrində verilən nəzəri biliklər hər zaman real iş mühitinin tələblərinə cavab vermir".

İqtisadçı Vüqar Orucun fikrincə, məzunların sayı ilə ayrı-ayrı sahələrdə kadrlara olan tələbat arasında uyğunsuzluq gənclərin işlə təmin olunmasını çətinləşdirən amillərdəndir. Bəzi ixtisaslar üzrə məzunların sayı mövcud iş yerlərini üstələdiyi halda, digər sahələrdə işəgötürənlər uyğun bacarıqlara malik mütəxəssis tapmaqda çətinlik çəkirlər.
Ekspert hesab edir ki, ali təhsil müəssisələrində verilən nəzəri biliklər hər zaman real iş mühitinin tələblərinə cavab vermir. Praktiki hazırlığın, texnoloji bacarıqların və analitik düşüncənin inkişaf etdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, tələbələrin təhsil müddətində real iş mühitində təcrübə qazanması, universitetlərin işəgötürənlərlə əməkdaşlığının gücləndirilməsi və kadr tələbatının əvvəlcədən proqnozlaşdırılması vacibdir.
Elçin Əfəndi də tələbələrin universitet dövründə təcrübə proqramlarına cəlb edilməsini zəruri hesab edir. Onun yanaşmasına görə, tələbələr ən azı üçüncü kursdan etibarən təcrübə imkanlarından yararlanmalı, məzun olana qədər əmək bazarında tələb olunan bacarıqları inkişaf etdirməlidirlər.
Xarici dil bilikləri, informasiya texnologiyalarından istifadə və müasir proqramlarla işləmək bacarığı da gənclərin rəqabət qabiliyyətinə təsir göstərir. Bu baxımdan, ali təhsilin keyfiyyəti yalnız verilən nəzəri biliklərlə deyil, məzunun həmin bilikləri praktikada tətbiq etmək imkanları ilə də qiymətləndirilməlidir.

Mövzu ilə bağlı keçirilən qeyri-rəsmi sorğuda 30 nəfərin cavabları topladıq. Sorğunun nəticələri ölkə üzrə ümumi mənzərəni ifadə etməsə də, iştirakçıların iş axtarışı və ali təhsilin əmək bazarına uyğunluğu barədə fikirlərini göstərir.

Respondentlərin 33,3 faizi öz ixtisası üzrə, eyni nisbətdə olan digər qrup isə ixtisasından fərqli sahədə çalışdığını bildirib. İştirakçıların 23,3 faizi iş tapa bilmədiyini və iş axtardığını, 10 faizi isə məşğulluq imkanlarına görə xaricə köçməyə hazırlaşdığını qeyd edib.

İşə qəbul zamanı əsas çətinlik barədə suala cavab verənlərin 53,3 faizi aşağı əməkhaqqını, 26,7 faizi vakansiyalarda şəffaflıq və tanışlıq amili ilə bağlı narahatlıqları, 13,3 faizi isə yüksək təcrübə tələbini əsas problem kimi göstərib.

Ali təhsilin əmək bazarının tələblərinə uyğunluğu ilə bağlı suala respondentlərin 50 faizi universitetlərdə nəzəri biliklərin verildiyini, lakin praktiki təcrübənin kifayət etmədiyini bildirib. Digər 43,3 faiz ali təhsilin mövcud əmək bazarının tələblərinə cavab vermədiyini düşünür. Cəmi 6,7 faiz isə ali təhsilin bu tələblərə uyğun olduğunu hesab edir.
Sorğunun iştirakçı sayı məhdud olduğundan nəticələri bütün gənclərə aid etmək olmaz. Bununla belə, cavablarda aşağı əməkhaqqı, təcrübə çatışmazlığı və təhsillə iş arasında əlaqənin zəifliyi kimi məsələlərin ön plana çıxması diqqət çəkir.

Dövlət Məşğulluq Agentliyinin sorğumuza cavabına görə, ali təhsilli gənclərin işə düzəlməsində əsas çətinliklər təcrübə çatışmazlığı, təhsil alınan ixtisasla mövcud vakansiyalar arasındakı uyğunsuzluq və iş imkanlarının regionlar üzrə qeyri-bərabər paylanmasıdır.
Agentlik bildirir ki, bəzi sahələrdə məzunların sayı mövcud vakansiyalardan çox olduğu halda, digər istiqamətlərdə işəgötürənlər tələb olunan bacarıqlara malik kadr tapmaqda çətinlik çəkirlər. Qurumun məlumatına əsasən, ali təhsilli gənclər üçün ixtisasa uyğun və iş təcrübəsi tələb etməyən başlanğıc səviyyəli vakansiyaların sayı məhduddur.
Əməkhaqqı gözləntiləri ilə işəgötürənlərin təklifləri arasındakı fərq və regionlarda uyğun iş yerlərinin azlığı da əsas problemlər sırasındadır. Bakıda işləmək istəyən region sakinləri üçün kirayə və gündəlik yaşayış xərcləri əlavə maneəyə çevrilə bilər.

Agentliyin təqdim etdiyi statistikaya əsasən, 2026-cı ilin ilk doqquz ayında 15-29 yaş aralığında olan 9 092 ali təhsilli gənc qurumun göndərişi əsasında işlə təmin edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 7 912 nəfər olub. Beləliklə, göndəriş əsasında işlə təmin olunan ali təhsilli gənclərin sayı təxminən 15 faiz artıb.
Agentlik gənclərin məşğulluğunu dəstəkləmək üçün əmək yarmarkaları, peşə hazırlığı kursları, əməkhaqqının birgə maliyyələşdirilməsi və digər aktiv məşğulluq tədbirlərinin həyata keçirildiyini bildirir. Qurumun məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında 6 942 gənc peşə hazırlığına, 564 gənc isə əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına cəlb olunub.
Peşə hazırlığı kursları iştirakçıların nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsinə yönəlib. Əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi isə müəyyən edilmiş şərtlər çərçivəsində işəgötürənlərin yeni işçiləri işə qəbul etməsini stimullaşdırmaq məqsədi daşıyır.
Bu rəqəmlər dövlətin məşğulluq tədbirlərindən istifadə edən gənclərin sayını göstərir. Lakin onların ixtisaslarına uyğun işlərdə nə qədər müddət çalışdıqları və uzunmüddətli məşğulluğun təmin olunub-olunmadığı barədə ayrıca məlumat təqdim edilməyib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul proqnozları universitetlərin təklifləri əsasında formalaşdırılır. Bu zaman əmək bazarının kadr tələbatı, ali təhsil müəssisələrinin maddi-texniki bazası, elmi-pedaqoji potensialı və ölkənin sosial-iqtisadi inkişaf prioritetləri nəzərə alınır. Təqdim olunan təkliflər təhlil edilir və zəruri hallarda qəbul planına düzəlişlər edilir.
Nazirliyin məlumatına görə, son beş ildə bakalavriat səviyyəsi üzrə qəbul yerlərinin sayı artırılıb, informasiya texnologiyaları və əmək bazarında tələbat olan digər istiqamətlər üzrə yeni ixtisaslar yaradılıb.
Qurum tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi, məzunların məşğulluq imkanlarının genişləndirilməsi və ali təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini də bildirir.

Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında qurum vasitəsilə 145 763 nəfər işlə təmin edilib. Agentlikdən əldə edilən məlumatların müqayisəsi göstərir ki, 2025-ci ilin eyni dövründə işlə təmin edilən gənclərin sayı 54 026 nəfər olduğu halda, 2026-cı ildə bu göstərici 57 658 nəfərə yüksəlib. Ali təhsilli 15–29 yaşlı gənclər üzrə göstərici isə 7 912 nəfərdən 9 092 nəfərə çatıb.
Beləliklə, Agentlik vasitəsilə işlə təmin edilən gənclərin ümumi sayı təxminən 6,7 faiz, ali təhsilli gənclərin sayı isə 14,9 faiz artıb. Bununla belə, bu rəqəmlər ölkədə iş tapan bütün gəncləri deyil, məhz Agentlik vasitəsilə işlə təmin edilən şəxsləri əhatə edir. Artımın hansı amillərlə bağlı olduğunu isə yalnız bu göstəricilər əsasında müəyyənləşdirmək mümkün deyil.
Agentliyin məlumatına əsasən, 2026-cı ilin ilk doqquz ayında 13 147 nəfər peşə hazırlığına cəlb olunub. Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramında iştirak edənlərin sayı 1 449 nəfər, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı isə 5 383 nəfər təşkil edib.
Bu rəqəmlər proqramların əhatə dairəsini göstərir. Lakin onların real nəticələrini qiymətləndirmək üçün əlavə göstəricilər vacibdir: peşə hazırlığını bitirən gənclərin neçəsi işə düzəlir, əməkhaqlarının birgə maliyyələşdirilməsi başa çatdıqdan sonra neçə nəfər iş yerində qalır və özünüməşğulluq proqramına qoşulanların neçəsi fəaliyyətini davam etdirir?
Bu sualların cavabları olmadan proqramların uzunmüddətli məşğulluğa təsirini tam qiymətləndirmək çətindir. Çünki işə düzələnlərin sayının artması ilə yanaşı, onların davamlı işlə təmin olunması və təhsillərinə uyğun sahədə çalışması da əhəmiyyətlidir.
Məleykə Abbaszadənin paylaşımında diqqət çəkilən ixtisas seçimi məsələsi, ekspertlərin fikirləri, sorğunun nəticələri və dövlət qurumlarının açıqlamaları eyni problemə - gənclərin təhsildən əmək bazarına keçidinə işarə edir.
İxtisas seçimi zamanı əmək bazarının tələblərinin nəzərə alınması vacibdir, lakin bu, gənclərin şəxsi maraq və qabiliyyətlərinin arxa plana keçirilməsi demək deyil. Əksinə, düzgün seçim həm fərdi potensialı, həm də gələcək məşğulluq imkanlarını nəzərə almalıdır.
Universitetlərdə praktiki hazırlığın gücləndirilməsi, tələbələrin təhsil müddətində real iş təcrübəsi qazanması, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və vakansiyalar barədə şəffaf məlumatların təqdim olunması problemin həllinə kömək edə bilər. Eyni zamanda, ixtisaslar üzrə kadr hazırlığı əmək bazarındakı dəyişikliklərə uyğunlaşdırılmalıdır.
Nəticə etibarilə, diplom gəncin peşəkar həyata başlaması üçün mühüm əsasdır, lakin onun işlə təmin olunmasına zəmanət vermir. Əsas məsələ yalnız neçə məzunun iş tapması deyil, gənclərin əldə etdikləri təhsilə və bacarıqlara uyğun, dayanıqlı məşğulluq imkanlarına sahib olmasıdır.
Ziyafət Əlisoy