
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Peşə Məktəbində pedaqoji kollektiv və tələbələrlə görüşüb, təlim-tədris prosesi, məktəbdə yaradılan şərait və tədris olunan ixtisaslarla tanış olub.
Görüş zamanı qeyd olunub ki, Prezident İlham Əliyevin 2025-ci il 5 dekabr tarixli “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ölkəmizdə peşə təhsilinin inkişafında yeni mərhələnin əsasını qoyur. Sərəncama əsasən, 2026–2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri nəzərdə tutulur. Bu mühüm sənəd əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, məşğulluğun və əmək məhsuldarlığının artırılması istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirir.
İcra başçısı çıxışında vurğulayıb ki, müasir dövrdə peşə təhsilinin inkişafı, rəqabət qabiliyyətli və peşəkar kadrların hazırlanması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, tədris prosesinin müasir standartlara uyğun qurulması, nəzəri biliklərin praktiki bacarıqlarla uzlaşdırılması və əmək bazarının tələblərinin nəzərə alınması əsas prioritetlərdən olmalıdır. O, pedaqoji kollektivə öz fəaliyyətlərində uğurlar arzulayıb.
Məktəbin direktoru Əli Babayev məlumat verib ki, 1960-cı ildən fəaliyyət göstərən təhsil müəssisəsinin beşmərtəbəli tədris binası Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunduqdan sonra müasir görkəm alıb. Binanın birinci, ikinci və üçüncü mərtəbələri tədris, dördüncü və beşinci mərtəbələri isə yataqxana üçün nəzərdə tutulub.
Hazırda məktəbdə 400 tələbə təhsil alır, 57 nəfərdən ibarət kollektiv fəaliyyət göstərir. Onlardan 37 nəfəri 21 qrup üzrə müəllim və istehsalat təlimi ustası kimi çalışır. Tədris müəssisəsində dərzi, geyim üzrə dizayner, xalçaçı, dayə, baytar, texnik, qaynaqçı, avtoelektrik, avtoçilingər, tikiş üzrə operator, mühasib, turizm və digər ixtisaslar tədris olunur.
Bildirilib ki, məktəbin Qaradağlı kəndində 20 hektar, Əksipara kəndində isə 50 hektar tədris-təcrübə sahəsi mövcuddur. Fermerlərlə əməkdaşlıq çərçivəsində həmin sahələrdə taxıl və günəbaxan əkilib-becərilir.
Görüşdə peşə təhsilinin gənclərin əmək bazarına inteqrasiyasında, onların müstəqil peşə və əmək vərdişlərinə yiyələnməsində rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi bu sahənin qarşısında duran mühüm vəzifələrdəndir.
Sonda məktəbin direktoru Əli Babayev və kollektivin üzvləri təhsil sahəsinə, o cümlədən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
