JEK də pul istəyir, bələdiyyə də — Hansına ödəyək?

JEK də pul istəyir, bələdiyyə də —
Çoxmənzilli binalarda yaşayan vətəndaşlardan müxtəlif adlarla ödənişlərin tələb olunması tez-tez suallar doğurur. Xüsusilə JEK-ə edilən ödənişlərlə yanaşı bələdiyyə tərəfindən əlavə vergi tələbi mübahisə yaradır. Bu halda əsas məsələ həmin ödənişlərin hüquqi əsasının olub-olmamasıdır. Bina evində yaşayan şəxslərin torpaq vergisi ödəyib-ödəməməsi qanunidirmi?

Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, mənzil-kommunal istismar sahəsinə ödənilən ödənişlər oradan istifadə etdiklərinə görə nəzərdə tutulur:

"Bu, dam örtüyünün təmiri, blokların və həyətyanı sahələrin təmizlənməsi, həmçinin zibil haqqını əhatə edir. Bu ödənişləri mənzil-kommunal istismar sahələri yığır və təbii ki, burada vətəndaşlarla müqavilə olmalıdır. Amma bildiyiniz kimi, JEK-lər uzun müddətdir fəaliyyət göstərdiyi üçün sovet dövründən qalan qaydada vətəndaşlardan həmin ödənişləri tələb edirlər".

Vəkil deyib ki, bələdiyyələr bina sakinlərindən torpaq vergisi deyil, əmlak vergisi tələb etmək hüququna malikdir:

"Fiziki şəxslər binalarda əmlak vergisini ödəməlidir və onların xüsusi mülkiyyətində olan evlərin 30 kvadratmetrdən artıq hissəsinin hər kvadratmetrinə görə Bakı şəhəri üzrə müəyyən edilmiş əmsallara uyğun ödənişlər edilməlidir. 30 kvadratmetrə qədər olan hissə isə vergidən azaddır.

JEK-lərin yığdığı ödənişlər əsasən zibil haqqı, həyətyanı sahələrin təmizlənməsi, blokların rənglənməsi, dam örtüyünün təmiri və saz vəziyyətə gətirilməsi kimi xidmətlərlə bağlıdır. Təbii ki, qeyd edilməlidir ki, JEK-lərin fəaliyyətini dayandırdığı ilə bağlı fikirlər səsləndirilir. Lakin bələdiyyələrin fəaliyyəti tam formalaşmadığı üçün hazırda bu funksiyaları JEK-lər yerinə yetirir. Yəni həmin ödənişlərin yığılması və qarşılığında xidmətlərin göstərilməsi hazırda JEK-lər tərəfindən həyata keçirilir", - deyə o qeyd edib.

Yəni, JEK-ə ödənilən pul binanın baxımı və zibilin daşınması üçün xidmət haqqıdır, bələdiyyəyə ödənilən isə evin sahəsinə görə hesablanan dövlət vergisidir.
Tarix: Bu gün, 17:41
Xəbəri paylaş



Xəbər lenti