
Direktor kreslosu ömürlük vəzifə ola bilərmi? Bu sual son illər təhsil idarəçiliyində aparılan islahatlar fonunda daha tez-tez gündəmə gəlir. Çünki rəsmi yanaşmada rotasiya, yenilənmə və nəticəyönümlü idarəetmə prinsipləri ön plana çəkilsə də, bəzən praktikada fərqli mənzərələr də müşahidə olunur.
Son illərdə Azərbaycanda təhsil sistemində müxtəlif islahatlar həyata keçirilib və bir çox hallarda məktəb direktorlarının vəzifədə qalma müddətinin müəyyən dövrlərlə yenilənməsi tendensiyası güclənib. Bu, idarəetmədə dinamikanın artırılması, gənc və bacarıqlı kadrların irəli çəkilməsi məqsədinə hesablanıb. Ancaq təəssüf ki, bəzi məktəblərdə tamamilə fərqli bir reallıq diqqət çəkir.
AXS.az xəbər verir ki, məsələn, Bakı şəhəri 47 saylı məktəbin direktoru Aytən Bağırova 1997-ci, 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı 2003-cü ildən eyni məktəbə rəhbərlik edirlər. Yəni söhbət təkcə uzunmüddətli rəhbərlikdən deyil, eyni zamanda onilliklər boyu dəyişməyən eyni məktəb mühitində davam edən idarəetmədən gedir.
Çox maraqlıdır ki, 29 ildir direktor işləyən Aytən Bağırova ilə bağlı internet resurslarında- açıq mənbələrdə fəaliyyətini əks etdirən ciddi informasiyalara rast gəlmək mümkün deyil.
62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı haqqında isə açıq internet resurslarında son dərəcə neqativ xəbərlərin dərc olunması diqqət çəkməkdədir.
Bu mənzərə təbii olaraq bir sıra sualları aktuallaşdırır: rotasiya və yenilənmə prinsipləri sistemin bütün səviyyələrində eyni şəkildəmi tətbiq olunur? Yuxarıda təqdim etdiyimiz nümunələrdən görünür ki, bu heç də hər yerdə belə deyil.
Həm nəzəriyyə, həm də praktika sübut edir ki, 23–29 il eyni məktəbə rəhbərlik edən direktor nə qədər yaradıcı və bacarıqlı olsa da, bu qədər uzun müddətdə idarəetmədə yeniliklər və məktəbə veriləcək töhfə də ciddi formada azalır.
Eyni zamanda düşünək ki, bir məktəbdə müəllimlə rəhbərlik arasında konflikt yaranır. Bu situatsiya fonunda 30 ilə yaxın eyni şəxsin rəhbər olduğu mühitdə qərarların obyektivliyi və kollektivin mənəvi vəziyyəti barədə sualların yaranması da təbiidir.
Bu kontekstdə ən optimal həll idarəetmədə dövri rotasiya və nəticələrə əsaslanan qiymətləndirmə mexanizminin tam şəkildə bütün məktəblərdə tətbiqidir. Direktorlarının fəaliyyətinin bəlli meyarlar üzrə mütəmadi şəkildə yenilənməsi sistemin daha balanslı və effektiv işləməsi, eyni zamanda obyektivliyin təmini üçün çox vacibdir (Editor.az).