
Böyük vədlər və rəngli reklamlarla bazarda dominantlıq edən "Kontakt Home" şəbəkəsi bu dəfə texniki uğursuzluğu ilə deyil, müştərisinə qarşı nümayiş etdirdiyi ağlasığmaz məsuliyyətsizliyi ilə gündəmə gəlib.
32gun.az yazır ki, jurnalist Zülfüqar Xeyirxəbər bildirib ki, şirkətin onlayn satış platforması və çağrı mərkəzi arasındakı qopuqluq vətəndaşın həm vaxtını oğurlayıb, həm də onu ələ salınmış vəziyyətinə salıb.
Hadisənin təfərrüatlarına vardıqda məlum olur ki, onlayn sifariş rəsmiləşdirilərkən operator (077) 272-06-03 nömrəsi vasitəsilə müştəriyə məhsulun Fətəli Xan Xoyski filialında olduğunu və oradan təhvil götürə biləcəyini tam əminliklə bildirib. Hətta operator "dəqiqləşdirmə aparıram" deyərək müştərini gözləməyə qoymuş və geri dönərək məhsulun həmin filialda fiziki olaraq mövcudluğunu təsdiqləmişdir. Lakin müştəri ünvana çatdıqda acınacaqlı mənzərə ilə üzləşib: "Kontakt Home"un qeyd olunan filialı çoxdan bağlanıb və onun yerində artıq tamamilə başqa bir brend olan "İrşad" mağazası fəaliyyət göstərir.
Bu vəziyyət operatorun hansı "baza"ya baxdığı və ya "dəqiqləşdirmə" adı altında hansı xəyali məkanı yoxladığı sualını doğurur. Müştəriyə qarşı edilən bu hərəkət sadəcə bir xidmət qüsuru deyil, həm də istehlakçı hüquqlarının və etik normaların kobud şəkildə pozulmasıdır. Şirkətin rəhbərliyindən, xüsusən Elnur Allahverdiyevdən bu biabırçı koordinasiya xətası və müştərinin aldadılması ilə bağlı təcili izahat tələb olunur, çünki bu, birbaşa müştərini ələ salmaq və onun zamanına hörmətsizlik etməkdir.
Xatırladaq ki, mediada gedən məlumatlara görə, ABC-Telecom" MMC-yə məxsus "Kontakt Home" mağazalar şəbəkəsinin sahibi Sabiq deputat Elnur Allahverdiyevdir.
Tarix: 10-04-2026, 18:10