Reklam Agentliyinin əməkdaşları tərəfindən Bakının Bülbülə qəsəbəsində sahibkar sıxışdırılır - FİDEOFAKT

Bakı şəhərinin Bülbülə qəsəbəsi ərazisində sahibkarın reklam lövhəsi ilə bağlı yaşadığı problem yerli sakinlər və sahibkarlar arasında narahatlıq yaradıb. Suraxanı rayonu ərazisində fəaliyyət göstərən sahibkar Zeynalov Sabir Rövşən oğlu reklam agentliyinin əməkdaşlarının ona qarşı qanunsuz və kobud davranış nümayiş etdirdiyini bildirir. Onun sözlərinə görə, məsələ yalnız bir reklam lövhəsinin sökülməsi ilə bağlı deyil, həm də sahibkarların fəaliyyətinə qarşı göstərilən ayrı-seçkilik və təzyiq iddiaları ilə əlaqədardır.

Sahibkarın bildirdiyinə görə, o, Səttar Bəhlulzadə küçəsi 30 ünvanında yerləşən mağazada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin mağazanın üzərində yerləşən “RP Parfum” adlı reklam yazısı reklam agentliyinin əməkdaşları tərəfindən sökülmək istənilib. Sabir Zeynalov iddia edir ki, bu proses zamanı agentliyin işçiləri kobud davranıb və ona mağazanın üzərindəki reklamı dərhal çıxarmaq tələbi qoyublar.

Sahibkarın təqdim etdiyi videomaterialda isə başqa bir məqam diqqəti cəlb edir. Görüntülərdən belə anlaşılır ki, yaxın ərazidə fəaliyyət göstərən digər obyektlərin reklam lövhələrinə toxunulmur. Bu isə sahibkarın fikrincə, müəyyən obyektlərin “toxunulmaz zona”ya çevrildiyi barədə şübhələr yaradır. O hesab edir ki, bəzi müəssisələrə qarşı tədbir görülməməsi, digərlərinə isə sərt yanaşılması obyektivlik prinsiplərinin pozulduğunu göstərir.

Gundemxeber.com-un əməkdaşının apardığı qısa araşdırma zamanı məlum olub ki, “RP Parfum” mağazasının ətrafında yerləşən müxtəlif iri və kiçik obyektlərin reklam lövhələri əvvəllər sökülüb, lakin müəyyən müddətdən sonra yenidən əvvəlki yerlərinə qaytarılıb. Bu fakt isə ərazidə reklam məsələlərinin hansı prinsiplərlə tənzimləndiyi ilə bağlı suallar doğurur. Sahibkarlar hesab edir ki, reklam lövhələrinin yerləşdirilməsi və sökülməsi ilə bağlı qaydalar bütün obyektlər üçün eyni şəkildə tətbiq olunmalıdır.

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında sahibkarlığın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu dəfələrlə vurğulayıb. Dövlət başçısı xüsusilə yerli icra strukturlarına və müxtəlif qurumlara sahibkarların fəaliyyətinə mane olmamaq, əksinə onların inkişafı üçün şərait yaratmaq barədə tapşırıqlar verib. Bu baxımdan Bülbülə qəsəbəsində baş verdiyi iddia olunan hadisə sahibkarın sözlərinə görə həmin siyasətin yerli səviyyədə necə tətbiq olunduğu ilə bağlı suallar yaradır.

Sabir Zeynalov məsələ ilə bağlı aidiyyəti qurumların obyektiv araşdırma aparmasını və reklam agentliyinin əməkdaşlarının davranışına hüquqi qiymət verilməsini istəyir. O hesab edir ki, bu cür halların araşdırılması təkcə onun deyil, ümumilikdə ərazidə fəaliyyət göstərən digər sahibkarların da hüquqlarının qorunması baxımından vacibdir.

Hazırda məsələ redaksiyamızın diqqət mərkəzində saxlanılır. Sahibkar ümid edir ki, aidiyyəti qurumlar tərəfindən aparılacaq araşdırma nəticəsində baş verən hadisələrə aydınlıq gətiriləcək və qanun çərçivəsində ədalətli qərar qəbul olunacaq. Mövzu ilə bağlı yeni məlumatlar əldə olunduqca ictimaiyyətə əlavə məlumat veriləcək.


Gundemxeber.com

Tarix: 16-03-2026, 22:39
Xəbəri paylaş



Xəbər lenti