
Hövsan “MİDA 1” və “MİDA 2” yaşayış komplekslərinin arasındakı boş ərazidə küçə itləri və həşəratlar məskən salıb. Dövlət tərəfindən paytaxtda salınmış ən gözəl yaşayış layihəsi sayılan bu kompleks hazırda baxımsız və nəzarətsiz qaldığından bəzi xoşagəlməz hallar yaşanır.
Bu barədə MİDA sakinləri Sitat.info-ya danışıblar.
Bildiriblər ki, “MİDA 2” yaşayış kompleksindəndən “MİDA 1”-də yerləşən 172 saylı orta məktəbə gedən uşaqlar, axşam işdən evə dönən qadınlar itlərin kütləvi hücumuna məruz qalır. Sahibsiz itlər bir neçə dəfə şagirləri dişləyib. Demək olar ki, hər gün hansısa qadın və ya uşaq həyatının ən böyük qorxusunu yaşayır, ətrafdakı sakinlər səfərbər olub onları itlərin əlindən alır.
Yay aylarında boş əraziyə tullantılar da atıldığından həşəratlar artıb, artıq həyətləri, binaları həşərat basır. Ərazi demək olar ki, zibilxanaya çevrilib. Qış aylarında isə daha dözülməz vəziyyət yaranır. Yağıntılar torpaq ərazini palçığa çevirir, kəsə yolla məktəbə gələn valideynlər və şagirdlər bu palçıqlı yolları keçməli olurlar.
Qeyd etdiyimiz kimi, iki yaşayış kompleksinin ortasında sanki bir xarabalıq yaranıb, gəmirici həşaratlar məskən salıb, MİDA sakinləri yayda bu ərazidə ilanların artmasından qorxurlar. Məktəbə təkbaşına gedib-gələn məktəblilər üçün bu ərazi heç də təhlükəsiz deyil.
Sakinlər bildirdilər ki, yaşayış komplesklərinin inşasından sonra bu ərazidə park olacağı planlaşdırılırdı. Lakin sonradan bu məsələ dayandırldı. Son zamanlar söyləntilər gəzir ki, bu boş ərazidə daha bir yaşayış kompleksi – MİDA 3 inşa oluna bilər.
Digər problem isə “MİDA-1” yaşayış kompeksində sakinlər kanalizasiya xətlərindən gələn üfunətli havanın sanitar qovşaqdan sızaraq evlərə yayılmasıdır. Xüsusu ilə küləkli havalarda mənzillərdə üfunət iyindən yaşamaq mümkün olmur.
Hamam sanitar qovşağında su axacaqları kanalizasiya xəttinə birbaşa qoşulduğundan və önləyici qurğular yerləşdirmədiyindən kanalizasiyadan evlərə güclü hava axını var. Və bu da kanalizasiyadan gələn çirkli havanın evə dolmasına gətirib çıxarır. Nəticədə dözülməz vəziyyət yaranır. Onlarla MİDA1 sakini arasında sorğu keçirdik və hamı eyni problemdən şikayətləndi. Aydın məsələdir ki, bu durum təkcə qoxu ilə bağlı narahatlıq yaratmır, həm də xəstəlik mənbəyidir. Görünür zamanında Mənzil İnşaatı Dövlət Agentliyi kanalizasiya sistemini qurarkən “qənaət”ə yol verib və kanalizasiya xətlərində hava axınını önləyən qurğuları yerləşdirməyib.
Bu komplekslərə milyonlarla vəsait xərcləyən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi bütün bunları hazırda niyə görməzdən gəlir?
Dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə kölgə salmaq, ölkənin ən gözəl yaşayış proyektini yaşanmaz hala salan problemləri görməzdən gəlmək, sakinlərin şikayətlərinə biganə yanaşmaq nə anlama gəlir? Ucu-bucağı olmayan bu boş ərazidə planlaşdırılan layihə gecikirsə, ən azı oranı hamarlamaq, abadlaşdırmaq bu qədərmi çətindir? MİDA 1 İlə MİDA 2 arasında sakinlərin öz ayaq izləri ilə açdığı cığıra bir asfalt döşəmək bu qədərmi imkansızdır?
Məsələ ilə bağlı qurumun mətbuat katibi Diana Dadaşova ilə əlaqə saxladıq. O, isə rəsmi sorğu göndərməmizi xahiş etdi: “Sorğu göndərin, 7 iş günü ərzində cavablayacağıq”