
Xəbər verdiyimiz oktyabrın 20-də “Brain Academy”nin Bakıxanov filialında oyun otağında 2 yaşlı autizmli uşağa zorakılıq edən müəllimə Əsmər Cəfərova açıqlama verib.
Patrul.az xəbər verir ki, mərkəzin rəsmi sosial şəbəkə hesabında paylaşılan açıqlamada Ə.Cəfərova törətdiyi əmələ görə üzr istəyib.
“Baş verən hadisəyə görə zərərçəkmiş uşağımızdan, onun ailəsindən və bütün cəmiyyətdən səmimi qəlbdən üzr istəyirəm. Bir müəllimə olaraq etdiyim hərəkətin yolverilməz olduğunu anlayıram. Uşaqlara sevgi və qayğı göstərmək əvəzinə, onlara qarşı narahatlıq yaratdım. Etdiyim əməldən çox peşmanam. Sözlərim baş verənləri dəyişməyəcək, amma səmimi qəlbdən üzr istəyirəm” – deyə o, bildirib.
Xatırladaq ki, redaksiyamıza daxil olan videogörüntülərdə Əsmər Cəfərovanın oyun otağında azyaşlını təhlükəsizlik kamerasının görmə bucağından yayındırmağa çalışaraq küncə sıxışdırdığı, onun başına və üzünə şillələr vuraraq fiziki zorakılıq tətbiq etdiyi əks olunub. Görüntülərin davamında müəllimənin ağlayan və qorxan uşağa məcburi şəkildə yemək yedizdirməyə çalışdığı da aydın şəkildə görünür.
Qeyd edək ki, “Brain Academy” Nitq və Psixoloji İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Humay Mehdiyeva redaksiyamıza daha əvvəl verdiyi açıqlamasında Əsmər Cəfərovanın tutduğu əmələ görə işdən çıxarıldığını təsdiqləyib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalara başlanılıb.