Avropa siyasətində xüsusi çəkiyə sahib xarizmatik xanım lider... - Bakıya səfər nə vəd edir? (TƏHLİL)

İtaliya Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana gözlənilən səfəri baş tutdu. Səfər maraqla gözlənilirdi. Ümumiyyətlə, C. Meloni hazırda Avropa siyasətində xüsusi çəkiyə sahib xarizmatik xanım liderlərdəndir. Onun çıxış tərzi, özünəinamı və ictimai obrazı diqqət çəkir.

C. Meloni son illərdə İtaliyanı həm Avropa, həm də dünya siyasətinə qaytarmağa, passiv siyasətdən aktiv xarici siyasətə keçirməyə çalışır. Bunu müəyyən qədər də bacarır. Əslində onun bu yanaşması həm də özünü Azərbaycan ilə münasibətlərdə də göstərir.

İtaliya Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarındandır. İki ölkə arasında siyasi, diplomatik və iqtisadi sahədə dərin köklü və inkişaf edən əlaqələr var. İtaliya kimi böyük və nüfuzlu bir ölkənin Azərbaycan ilə bu səviyyədə əməkdaşlıq qurması təsadüfi deyil, bu, düşünülmüş və uzunmüddətli strategiyanın nəticəsidir.

Corciya Meloni də mətbuata bəyanatında dediyi kimi, “Əminəm ki, İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək və daha yüksək səviyyələrə qalxacaq”.

Bu gün Corciya Meloninin rəhbərlik etdiyi İtaliyanın Azərbaycana marağı artan xətt üzrə davam edir və bu maraq təkcə iqtisadi deyil, siyasi və strateji məzmun da daşıyır. İtaliya Avropanın böyük gücləri arasında Azərbaycanın ilk strateji tərəfdaşı kimi fərqlənir. Münasibətlərin bu səviyyəyə çatması onu göstərir ki, Azərbaycan artıq region daxilində deyil, daha geniş miqyasda ciddi tərəfdaş kimi qəbul olunur.

Enerji, iqtisadiyyat və nəqliyyat sahələrində qurulan əlaqələr iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb. Bu münasibətlərdə qarşılıqlı etimad açıq hiss olunur və tərəflər bir-birini sadəcə tərəfdaş yox, eyni zamanda etibarlı müttəfiq kimi görür. Prezident İlham Əliyevin Corciya Meloni ilə mətbuata bəyanatında dediyi kimi, “Bizim ölkələrimiz strateji tərəfdaşlardır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır”.

Corciya Meloninin səfəri həm siyasi, həm də rəmzi baxımdan diqqət çəkir. O, Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII zirvə görüşündə iştirakdan sonra Azərbaycana səfər etməklə regionda balanslı və ardıcıl diplomatik xəttin davam etdiyini göstərdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Corciya Meloninin görüşündə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.

C. Meloni deyib ki, “Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik. Mən Birləşmiş Ştatların verdiyi təkan sayəsində tarixi mərhələni əks etdirən normallaşma yolunda İtaliyanın tam dəstəyini bir daha vurğuladım. Düşünürəm ki, 2026-cı il bu baxımdan mühüm ilə çevrilə bilər, çünki çox vacibdir ki, bu dinamik regionun bütün potensialı istifadə edilsin”.

Bakı qədər İtaliya üçün də Tramp yolunun ən qısa zamanda istifadəyə verilməsi vacibdir. Beləcə Bakı bu yol üzərindən yeni enerji layihələri icra edə, həmçinin Avropaya, İtaliyaya mavi qazın nəqlini artıra bilər. C. Meloni söhbət zamanı həmçinin deyib ki, “Enerji və daşımalar birmənalı olaraq iki sahədir ki, Avropa daha vacib rol oynaya bilər və oynamalıdır. Beləliklə, sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər”.

Azərbaycan-İtaliya münasibətlərində enerji sahəsi xüsusi yer tutur. Rəsmi Bakı TANAP və TAP layihələri ilə Albaniyanın Tirana limanına, oradan isə İtaliyaya mavi qaz nəql edir. Buradan isə Avropanın vahid qaz şəbəkəsinə çıxış imkanımız var. Rəsmi Roma da öz növbəsində Azərbaycanla əməkdaşlığa maraqlıdır. Məsələn, İtaliya işğaldan azad edilən ərazilərin bərpa prosesində ən aktiv iştirak edən ölkələrdəndir. Prezidentin dediyi kimi, “İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və keçirir”.

Dövlət başçısının dediyi kimi, xarici ölkələrin şirkətlərinə baxdıqda, bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni ilə mətbuata bəyanatlar zamanı deyib ki, Azərbaycanla İtaliya arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir.

“Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir”, – Prezident bildirib.

Müəllif: Turan Rzayev,

AXS.az

Tarix: Bu gün, 16:08
Xəbəri paylaş



Xəbər lenti