
“Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik” şüarı altında “Avropa Siyasi Birliyi”nin VIII zirvə görüşü İrəvanda başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev də videoəlaqə vasitəsilə sammitə qoşulub.
Prezident ümumiyyətlə “Avropa Siyasi Birliyi”nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə o, Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.
Dövlət başçısının İrəvanda baş tutan sammitə videoəlaqə vasitəsilə qoşulması təəccüblü deyil. Ermənistan ilə Azərbaycan arasında yekun sülh sazişi hələ imzalanmayıb. Həmçinin Ermənistanda hazırda seçki öncəsidir və vəziyyət çox həssasdır. İrəvanın belə bir səfərin təhlükəsizliyini təmin edə bilməsi imkanları sual altındadır.
Bununla belə, ölkə başçısının sammitə qoşulması mühümdür. Bu, həm davam edən sülh danışıqları, həm də iki ölkə arasında etimad mühitinin inkişafı baxımından müsbətdir. Ümumiyyətlə, sammitin Ermənistanda baş tutmasında Azərbaycan Prezidentinin də razılığı olub. İlham Əliyev sammitdə çıxışı zamanı deyib:
“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı sammitdə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən videoformatda qoşulacağam. Həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il əvvəl Prezident Koşta və Prezident fon der Leyen ilə görüşüm zamanı onlar 2026-cı ilin mayında sammitin Ermənistanda keçirilməsi ideyası barədə fikrimi soruşdular. Mən bu təşəbbüsü dəstəklədim və öz növbəmdə balanslı yanaşmanın qorunması üçün növbəti sammitlərdən birinin Azərbaycanda keçirilməsini təklif etdim. Təklif qəbul olundu və buna görə də üzvləri 2028-ci ilin mayında Azərbaycana dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan da namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün reallıq olduğunu açıq şəkildə göstərir”.
Ermənistanın Baş naziri Nikol Paşinyan sammitdə çıxışı zamanı deyib ki, Azərbaycan Prezidenti ilk dəfədir Ermənistanda keçirilən tədbirdə (onlayn formatda) iştirak edir.
Baş nazir bildirib ki, artıq iki ildir Azərbaycanla Ermənistan arasında sülh mövcuddur və atışma nəticəsində heç kim xəsarət almayıb.
“Ötən dövr müstəqilliyimizdən bəri misli görünməmiş illərdir”, – Paşinyan vurğulayıb.
Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan və Ermənistan arasında sülh reallıq təşkil edir. Tərəflər arasında sülh prosesi uğurla davam edir, ilkin iqtisadi təmaslar baş tutur. Hətta ötən həftə baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.
Təcrübə göstərir ki, kənar müdaxilələr olmasa, Ermənistan və Azərbaycan ortaq məxrəcə gələ bilir. Təəssüf ki, sülhün uğurla davam etdiyi bir dönəmdə Avropa Parlamentinin 30 aprel tarixində Azərbaycanla bağlı qəbul etdiyi qətnamə bu prosesi pozmağa hesablanan addım kimi qiymətləndirilir. Məhz buna görə ölkə başçısı sammitdə çıxışı zamanı Avropa Parlamentini tənqid edib.
Nikol Paşinyan 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan lideri hazırkı tədbirə videoəlaqə vasitəsilə qoşulub və gələcəkdə Bakıda keçiriləcək sammitdə şəxsən iştirak etməyi planlaşdırır.
2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammiti ölkəmizdə keçiriləcək. Prinsipcə, Bakı belə bir səfərə hazırdır. Paşinyanın təhlükəsizliyi baxımından Azərbaycanda hər hansı bir təhdid yoxdur. Həmin sammitə qədər Ermənistan ilə Azərbaycan arasında sülh sazişi əldə edilər və Nikol Paşinyan hakimiyyətdə qalarsa, o, birbaşa Bakıya səfər edə bilər.
Müəllif: Turan Rzayev,
AXS.az