
Kuba Prezidenti Migel Dias-Kanel bildirib ki, ABŞ Prezidenti Donald Trampın adanın mümkün ələ keçirilməsi ilə bağlı təhdidlərindən qorxmur və hər hansı hərbi təcavüz halında özünü müdafiə etməyə hazırdır.
“Qorxmuram. İnqilab üçün həyatımı verməyə hazıram. Kubaya qarşı təcavüz haqsız və bütün tərəflər üçün ağır nəticələrə səbəb olar”, – deyə o qeyd edib.
Prezident həmçinin Amerika ictimaiyyətinin adaya qarşı baş verəcək müharibəni dəstəkləyəcəyinə şübhə ilə yanaşdığını bildirib.
Venesuelaya müdaxilədən sonra növbəti hədəfin Kuba olacağına dair versiyalar səsləndirilirdi. Son günlər isə Trampın rəsmi Havannaya dair ritorikasını artırması “növbəti hədəf Kubadırmı?” sualını gündəmə gətirib.
Əslində, İslamabadda danışıqlar istənilən səviyyədə getsə və nəticə ABŞ üçün arzuolunan şəkildə olsaydı, Vaşinqtonun diqqətinin Kubaya yönəlməsi ehtimalı daha yüksək görünərdi.
İranla ABŞ arasında toqquşmaların yenidən başlama ehtimalı yüksək olaraq qalır və Vaşinqton belə bir şəraitdə Kuba ilə genişmiqyaslı qarşıdurmanı eyni anda prioritetə çevirə bilməz.
Çin və Rusiya da hazırkı mərhələdə Kubanın milli suverenliyini və təhlükəsizliyini dəstəkləyir, xarici müdaxiləyə qarşı mövqe sərgiləyir. Bu iki ölkənin mövqeyi ehtimal olunan müdaxilə halında Kubaya siyasi dəstəyin artacağını göstərir. Prinsip etibarilə, münaqişənin Çin və Rusiya sərhədlərindən uzaqda – Qərb yarımkürəsində qalması Pekin və Moskvanın maraqlarına da uyğundur.
Kuba ABŞ müdaxiləsinə hazır olduğunu bəyan edir. Bu ölkə ilə hərbi qarşıdurma həqiqətən də mürəkkəb və çətin ssenaridir. ABŞ üçün coğrafi yaxınlıq müəyyən üstünlük yaratsa da, ideoloji və genişmiqyaslı müqavimət baxımından Kuba fərqli və çətin bir model təqdim edir.
İstisna deyil ki, Vaşinqton uzun müddət birbaşa hərbi müdaxilə əvəzinə Kubaya qarşı daxili təzyiq mexanizmlərini gücləndirməyə üstünlük verəcək. Daha dəqiq desək, ölkə daxilində sabitliyin pozulması, siyasi təzyiq və “rəngli inqilab” ssenarilərinin aktivləşdirilməsi ABŞ üçün daha real və məqbul variant kimi görünür.
Müəllif: Turan Rzayev,
AXS.az
Tarix: 13-04-2026, 13:47