
Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə bağlı şikayət var.
Şikayətçilərin sözlərinə görə, xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir. Həmçinin xəstələr, sağlamlıq haqqında arayış almaq istəyənlər rentgen müayinəsi üçün daha yaxın ərazilərə yox, yalnız Zirədə yerləşən Müalicə və Diaqnostika Mərkəzinə yönləndirilirlər. Bu isə onlar üçün əlavə çətinlik yaradır.
Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılıb.
"FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Buzovna qəsəbəsindəki 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsinin yaşayış binasının 1-ci mərtəbəsində yerləşməsi səbəbindən həmin müəssisədə fəaliyyət göstərən rentgen kabinetinin fəaliyyəti dayandırılıb".