Müddətli əlilliyi başa çatmış şəxslərin yenidən əlillik qiymətləndirilməsinə göndərilməsi niyə bu qədər çətinləşdirilib?
Son 5–6 ayda əlilliyin yenidən müəyyən edilməsi üçün tibbi-sosial ekspertizaya göndərişin - Forma 88-in alınması ilə bağlı ciddi problemlərlə üzləşən vətəndaşların müraciətləri narahatlıq doğurur. Xüsusilə qazilərin, müharibə veteranlarının və digər həssas sosial qrupların bu prosesdə qarşılaşdıqları çətinliklər dövlət qurumlarının fəaliyyətinə ciddi suallar yaradır.
Məsələ ondadır ki, müddətli əlilliyi başa çatmış şəxslər əlilliklərinin yenidən qiymətləndirilməsi üçün tibbi-sosial ekspertizaya göndərilməli olduqları halda, Forma 88-i əldə etmək üçün əsl bürokratik mübarizəyə məcbur edilirlər.
Vətəndaşın qarşısına bir deyil, ardıcıl bir neçə maneə çıxarılır. Məsələ belədir: 10 saylı poliklinikada qeydiyyatda olan müddətli əlilliyi başa çatmış şəxslər əlilliklərinin yenidən qiymətləndirilməsi üçün əvvəlcə 10 saylı poliklinikada yaradılmış daxili komissiyadan keçməlidi. Burada komissiyadan keçə bilsə, növbəti mərhələdə 8 saylı mərkəzləşdirilmiş poliklinikaya yönləndilir. Orada da komissiyanın rəyini almaq üçün xeyli mübarizə aparmalı olursan. Ondan sonra hər iki tibb müəssisəsinin 10 və 8 saylı poliklinkaların rəyləri TƏBİB tərəfindən təsdiqlənməsi tələb olunur. Yalnız bundan sonra Forma 88-in müvafiq tibbi-sosial ekspertiza sisteminə göndərilməsi mümkün olur.
Sual yaranır: bir vətəndaşın əlilliyinin yenidən qiymətləndirilməsinə göndərilməsi üçün bu qədər mərhələ, komissiya və təsdiq niyə tələb olunur? Bu prosedurun hər bir mərhələsi hansı normativ hüquqi aktla əsaslandırılır?
TƏBİB-in məsuliyyəti haradan başlayır?
TƏBİB tabeliyində olan tibb müəssisələrinin fəaliyyətinin təşkili, tibbi xidmətlərin keyfiyyəti və idarəetmə sisteminin maneəsiz işləməsində, vətəndaşların süni sürətdə incidilməsində məsuliyyət daşıyır. Əgər Forma 88-in rəsmiləşdirilməsi üçün iki poliklinikanın rəyindən sonra əlavə olaraq TƏBİB-in təsdiqi tələb edilirsə, bu mexanizmin hüquqi əsası, məqsədi və icra müddəti açıq şəkildə izah olunmalıdır.
TƏBİB bu suallara cavab verməlidir: Əgər həkim-məsləhət komissiyaları tibbi sənədləri araşdırıb qərar verirlərsə, onların rəyləri niyə yenidən başqa səviyyədə təsdiqlənməlidir?
Əlavə təsdiq qanunvericiliyin konkret tələbidirmi, yoxsa idarəetmə daxilində yaradılmış süni prosedurdur?
Əgər bu əlavə mərhələlər qanunvericilikdə nəzərdə tutulmayıbsa və ya zəruri tibbi əsas olmadan tətbiq edilirsə, onların vətəndaşların hüquqlarını məhdudlaşdıran bürokratik maneəyə çevrilməsinə yol verilməməlidir.
TƏBİB-in vəzifəsi prosedurları mürəkkəbləşdirmək deyil, tibbi xidmətlərin əlçatanlığını təmin etmək, tabeliyindəki müəssisələrin fəaliyyətində şəffaflığa və operativliyə nail olmaqdır.
TƏBİB-in tətbiq etdiyi və ya təsdiqlədiyi idarəetmə mexanizmləri vətəndaşların Forma 88 əldə etməsini çətinləşdirirsə, bu vəziyyətə görə qurum ictimaiyyət qarşısında aydın izahat verməli və məsuliyyət daşıdığı nöqsanları aradan qaldırmalıdır.
Qanunvericilik əlavə bürokratik maneələrə bəraət qazandırmır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”, həmin tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası və Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarları bu sahənin hüquqi çərçivəsini müəyyən edir.
Bu qaydalar çərçivəsində tibbi müayinələr, sənədlərin araşdırılması və həkim-məsləhət komissiyasının qərarı nəzərdə tutulur. Lakin tibbi zərurətə əsaslanan prosedurlarla vətəndaşın qarşısında əsassız maneələr yaradılmasını eyniləşdirmək olmaz.
Forma 88 əlilliyin avtomatik təyin olunması demək deyil. Bu sənəd şəxsin tibbi-sosial ekspertizaya göndərilməsi üçün mühüm mərhələdir. Əlilliyin müəyyən edilməsi barədə yekun qərar isə müvafiq qaydada səlahiyyətli qurum tərəfindən qəbul edilir.
Deməli, tibb müəssisəsinin vəzifəsi şəxsin müraciətini qanunvericiliyə uyğun araşdırmaq, zəruri tibbi müayinələri keçirmək və göndərişi təmin etməkdən ibarətdir. Vətəndaşın aylarla müxtəlif poliklinikaların, həkim otaqlarının qarşısında gözlədilməsi, müraciətinin qeyri-müəyyən müddətə uzadılması və aydın izahat verilməməsi normal prosedur hesab edilə bilməz.
Məqsəd əlilliyin yenidən təyin olunmasının qarşısını almaqdır?
Burada daha ciddi bir şübhə ortaya çıxır.
Müddətli əlilliyi başa çatmış şəxslərin yenidən qiymətləndirilməsi üçün göndəriş almaq proseduru məqsədli şəkildə bu qədər çətinləşdirilirsə, bunun nəticəsində vətəndaşların haqlı narazılıqlar, etirazları yaranırsa bundan TƏBİB nə qazanır?
Bu çoxmərhələli mexanizmin nəticədə əlilliyin yenidən təyin edilməsinə maneə yaradıb-yaratmadığı araşdırılmalıdır. Əgər əlavə təsdiqlər və daxili komissiyalar tibbi zərurətdən deyil, əsassız inzibati tələblərdən irəli gəlirsə, bu, sadəcə idarəetmə qüsuru deyil, vətəndaşların hüquqlarına təsir edən ciddi problemdir.
Belə bir sistemin uzun müddət davam etməsi və eyni problemlərlə bağlı çoxsaylı müraciətlərin daxil olması onun təsadüfi bürokratik əngəl olmadığı barədə əsaslı suallar yaradır. Bu mexanizmin qəsdən yaradıldığını demək də mümkündür. Hesab edirik, bu məsələ prokurorluq orqanları tərəfindən ciddi araşdırılmalıdır.
Heç bir qurumun daxili proseduru vətəndaşın qanunla müəyyən edilmiş hüququndan istifadə etməsinə maneə yarada bilməz.
Hüquq müdafiəçisinin qarşılaşdığı çətinliklər nəyi göstərir?
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatının rəhbəri, hüquq müdafiəçisi Fikrət Cəfərlinin 10 saylı poliklinikaya şəxsi müraciəti zamanı qarşılaşdığı çətinliklər məsələnin ciddiliyini bir daha gündəmə gətirir. Hüquq müdafiəçisi bildirir ki, daxil olan müraciətləri araşdırmaq məqsədilə 10 saylı poliklinikada olub və şəxsən özünə qarşı tətbiq edilən süni əngəllərində şahidi olub.
Əgər vətəndaş bir neçə komissiyanın qarşısında məsələni həll etməyə çalışmalı, müxtəlif müəssisələrə təkrar müraciət etməli və əlavə təsdiqləri gözləməlidirsə, bu prosesdən daha az məlumatlı, səhhəti ağır və sosial imkanları məhdud insanlar üçün nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil.
Xüsusilə qazilər və sağlamlıq vəziyyətinə görə əlilliyinin yenidən qiymətləndirilməsinə ehtiyacı olan şəxslər belə bürokratik yükün altında qalmamalıdırlar.
Konstitusiya və insan hüquqları baxımından məsələ
AR Konstitusiyasının 25-ci maddəsi bərabərlik hüququnu, 38-ci maddəsi sosial təminat hüququnu, 41-ci maddəsi isə sağlamlığın qorunması hüququnu təsbit edir.
BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası da əlilliyi olan şəxslərin hüquqlarının qorunmasını, səhiyyə xidmətlərinə çıxışını və ayrı-seçkiliyin qarşısının alınmasını tələb edir.
Bu hüquqların təmin olunması yalnız qanunlarda müvafiq müddəaların mövcudluğu ilə məhdudlaşmır. Dövlətin təşkil etdiyi mexanizmlər də insanların həmin hüquqlardan real şəkildə istifadə etməsinə imkan verməlidir.
Əlilliyin yenidən qiymətləndirilməsi üçün müraciət edən şəxs prosedurun mürəkkəbliyi və süni əngəllər üzündən hüquqlarını həyata keçirə bilmirsə, həmin prosedurun səmərəliliyi və qanunauyğunluğu sual altına düşür.
TƏBİB-dən və aidiyyəti qurumlardan tələb edirik!
“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı olaraq TƏBİB-dən, Səhiyyə Nazirliyini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu məsələyə təxirəsalınmadan aydınlıq gətirməsini tələb edirik.
1. 10 saylı poliklinika, 8 saylı mərkəzləşdirilmiş poliklinika və TƏBİB arasında tətbiq olunan prosedurun hüquqi əsası, hər mərhələnin müddəti və məsul qurumlar açıqlansın.
2. Hər iki poliklinikanın rəyindən sonra TƏBİB-in əlavə təsdiqinin tələb olunmasının qanunvericilikdəki əsası ictimaiyyətə təqdim edilsin.
3. Müddətli əlilliyi başa çatmış şəxslərin Forma 88 əldə etməsi zamanı yaranan süni əngəllər və əsassız imtina halları araşdırılsın.
4. Vətəndaşların müraciətlərinin süründürməçiliyə salınmasına, əsaslandırılmamış qərarlara və qanunvericilikdə nəzərdə tutulmayan əlavə tələblərə son qoyulsun.
5. Əlilliyin yenidən qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsinə dair vahid, şəffaf və əlçatan prosedur təmin edilsin.
6. Vətəndaşlara müraciətlərinin vəziyyəti, qərarların səbəbləri və şikayət qaydaları barədə yazılı məlumat verilsin.
TƏBİB susmaq əvəzinə konkret cavab verməlidir: Forma 88-in alınması niyə bu qədər çətinləşib və bu çətinliklərin aradan qaldırılması üçün hansı tədbirlər görüləcək?
Müddətli əlilliyi başa çatmış insanların hüquqlarının həyata keçirilməsi poliklinikalar arasında uzunmüddətli mübarizəyə çevrilməməlidir. Tibbi prosedurların zəruriliyi başadüşüləndir, lakin əsassız bürokratik maneələrin heç bir hüquqi əsası ola bilməz.
Əlilliyi olan şəxslərin hüquqları bürokratik maraqlardan üstün tutulmalıdır. TƏBİB və digər aidiyyəti qurumlar bu problemin həllinə görə öz məsuliyyətlərini dərk etməli, ictimaiyyət qarşısında hesabat verməlidirlər.
“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı bu məsələnin araşdırılmasını və vətəndaşların hüquqlarının təmin olunmasını tələb edir.
Tarix: 17-10-2026, 22:09