Səhiyyə sistemi təhlükədə - Saxta “Dr.”-lar və “tibbi bomba”ya çevrilən klinikalar

Ölkənin səhiyyə sistemi hər gün daha təhlükəli hal alır. Böyük şəhərlərdə - Bakı, Sumqayıt və Gəncə kimi mərkəzlərdə açılan özəl klinikalar, əsasən gözəllik və kosmetoloji adı altında fəaliyyət göstərən mərkəzlər sözün əsl mənasında böyük tibbi bəlaya çevrilir. 

Bizimesr.com bildirir ki, sosial şəbəkələrdə yayılan foto və videolardan açıq şəkildə görünür ki, həkim olmayan, cəmi 1-2 ay kurs keçmiş və ya hansısa həkimin yanında qısa müddət çalışmış şəxslər estetik əməliyyatlar həyata keçirir, “gözəlləşdirmə”, "şəkilləndirmə" adı altında açıq tibbi prosedurlar aparırlar.

Nə qədər qəribə olsa da, ölkənin Səhiyyə Nazirliyi, o cümlədən Analitik Ekspertiza Mərkəzi və digər aidiyyəti qurumlar nə bu şəxslərlə bacara bilir, nə bu mərkəzləri bağlaya bilir, nə də bu “həkim”lərə “dayan” deyə bilir. Addımbaşı fəaliyyət göstərən bu "Klinika"lar artıq ölkədə açıq şəkildə “tibbi bomba”ya çevrilib.

Sosial şəbəkələrdə cəmi 1 saatlıq araşdırma belə göstərir ki, bu cür qanunsuz fəaliyyət göstərən mərkəzlərin sayı kifayət qədər çoxdur. Böyük bir şəbəkə kimi, xüsusilə gənc xanımlar arasında yayılan bu “gözəlləşdirmə” prosesləri geniş reklam və təbliğatla müşayiət olunur. Özlərini “həkim” kimi təqdim edən bu şəxslər gözəl görünmək istəyən insanları ciddi risk altına atırlar.

Billur Estetik”, “Davinçi Estetik”, “Glamour Estetik”, “Beauty Derm” Mərkəzi, “Lalisa Estetik Mərkəz”, “Reel by Arıqlama Mərkəzi”, “Sema Estetik Center”, “Laser Beauty Estetik Klinikası” və yüzlələr belə bəlaya yol aşan "Klinika"lar. Hamsının da adı “klinika”... 

Bəs klinika nədir? Klinika - tibbi xidmət göstərilən müəssisədir. Burada həkimlər xəstələri müayinə edir, diaqnoz qoyur və müalicə aparırlar. Bəs bu “klinika”larda kimlər fəaliyyət göstərir? Həqiqi həkimlər, yoxsa tibbdən anlayışı olmayan, peşəkar təhsili olmayan, orta məktəbi bəlkə də bitirməyən şəxslər?

Qanun yoxdurmu? – Var.
İşləyirmi? – Xeyr...

Səhiyyə naziri Teymur Musayev hansı işi görür? Bu proseslərə niyə nəzarət edilmir? Ölkənin tanınmış həkimləri, professorları niyə susur?

Bu sahədə fəaliyyət göstərən bəzi şəxslər adlarının qarşısına “Dr.”, “professor” kimi titullar əlavə edərək insanları çaşdırır, böyük vədlərlə onları riskli prosedurlara cəlb edir və bu yolla ciddi gəlirlər əldə edirlər.

Nəticədə zərər görən sadə insanlardır. Bu gün gözəllik vədi ilə edilən müdaxilələr sabah ağır fəsadlara səbəb olur, ölüm halları, yarabasmalar, sonsuzluq, və hətta ömürlük şikəst olma...

Bu səbəbdən məsələ ciddi şəkildə nəzarətə götürülməli, özünü “həkim” kimi təqdim edən, lakin tibbi ixtisası olmayan şəxslərlə bağlı ciddi tədbirlər görülməli və qanunvericiliyə uyğun ağır cəzalar tətbiq olunmalıdır. 

Çünki bu problem artıq təkcə səhiyyə deyil, bütövlükdə cəmiyyətin gələcəyi üçün təhlükəyə çevrilib.

Tarix: Bu gün, 16:33
Xəbəri paylaş



Xəbər lenti