
Ölkədə böyrək transplantasiyası keçirmiş insanlar, əsasən uşaqlar həyati problemlə üzləşib.
Bizimesr.az-a daxil olan müraciətdə qeyd olunur ki, böyrək transplantasiyası keçirmiş insanlar təxminən bir aya yaxındır ki, həyat üçün zəruri olan immunosupressiv və digər vacib dərmanları ala bilmirlər.
Xəstələr qeyd edir ki, transplantasiya olunmuş şəxslər üçün bu dərmanlar həyati əhəmiyyət daşıyır. Həmin preparatlar qəbul edilmədiyi halda orqanizmin köçürülmüş böyrəyi rədd etmə riski artır və bu, birbaşa həyat üçün təhlükə yaradır.
Mövcud vəziyyət isə artıq onlarla pasiyentin sağlamlıq göstəricilərinə mənfi təsir etməyə başlayıb.
Xəstələrin bildirdiyinə görə, dərmanların verilməsində yaranan fasilə səbəbindən analiz nəticələri pisləşir, xüsusilə kreatinin səviyyəsində artım müşahidə olunur. Bu isə böyrəyin funksiyasının zəifləməsi və hətta itirilməsi riskini yüksəldir.
Məsələnin narahatedici tərəfi ondan ibarətdir ki, problem tək-tək hallarla məhdudlaşmır. Eyni vəziyyətin çoxsaylı transplantasiya xəstələri tərəfindən yaşandığı qeyd olunur. Bu isə artıq fərdi deyil, sistemli xarakter daşıyan ciddi tibbi və sosial problem halını alıb.
Həkimlər də vəziyyətin kritik olduğunu vurğulayaraq, bu tip dərmanların fasiləsiz və vaxtında təmin edilməsinin vacibliyini bildirirlər. Mütəxəssislər qeyd edir ki, transplantasiya xəstələri üçün dərman təminatında yaranan hər hansı gecikmə geri dönməz nəticələrə səbəb ola bilər. Bu baxımdan, məsələ yalnız səhiyyə xidməti deyil, birbaşa insan həyatı ilə bağlıdır.
Dövlət xəstəxanalarından vətəndaşlara konkret cavab verilmir və dərmanların nə zaman veriləcəyi məlum deyil.
Qeyd edək ki, Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların müalicə və dərman təminatının gücləndirilməsi istiqamətində 2025-ci ilin dekabr ayında 32 milyon manat, bu ilin fevral ayında isə 10 milyon manat vəsait ayrılıb. Bu 42 milyon manatlıq vəsait TƏBİB tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nin xüsusi dövlət proqramı çərçivəsində dərman vasitələrinin satın alınması üçün yönəldilib. Amma faktiki olaraq bu gün böyrək transplantasiyası keçirmiş vətəndaşlar ciddi həyati problemlə üzləşiblər. Onlara 1 aydır dərman verilmir.
Məlumat üçün bildirək ki, TƏBİB-in tabeliyindəki “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin direktoru Nurlan Quliyevdir. O, bu vəzifəyə 2023-cü ilin iyun ayından etibarən rəhbərlik edir.
Araşdırmalarımız davam edir...