Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan əsgəri Qarabağı 44 günə düşmən işğalından azad etdi. Şəhidlərimizin qanı ilə suvarılan, qazilərimizin nəfəsi ilə isinən vətən torpaqlarında böyük quruculuq işləri aparılır, qayıdış proqramı uğurla davam etdirilir. Artıq neçə ildir ki, xaraba qalmış yurd yerlərimiz abadlaşır, ən müasir infrastruktur formalaşdırılır. Nə yazıq ki, görülən bu qədər böyük işlərin, xərclənən vəsaitin müqabilində Qarabağ bəziləri üçün həm də böyük korrupsiya yuvasına çevrilib. Vətəndaşlarımız yurd yerlərinə düz-əməlli yerləşməmiş artıq korrupsiya özünə isti yuva salmağı bacarıb. 44 gün ərzində gözə görünməyənlər, vətənin cəfasını çəkməyənlər indi Qarabağın səfasını çəkirlər.
Təəssüflər olsun ki, son vaxtlar Qarabağda işləyən ustaların, fəhlələrin əmək haqqlarının verilməməsi ilə bağlı sosial medyada kifayət qədər məlumatlara rast gəlinir. Bir parça çörək pulu qazanmaq ümmidiylə aylarla Qarabağ ərazisində zülm-zillət çəkən fəhlələrin əmək haqqı mənimsənilir, onların son ümidinə balta çalınır. İllərlə həsrətini çəkdiyimiz Qarabağ torpağı kimlərinsə qazanc mənbəyinə, kimlərinsə qırılan ümidlərinə çevrilib.
Redaksiyamıza müraciət edən Bərdə rayonu Şatırlı kənd sakini Qurbanov Cəmaləddin Məhəmməd oğlu Qarabağda “tikinti korrupsiyası”nın növbəti qurbanlarından biridir. Şəhid ailəsi olan Cəmaləddin Ağdamın Xıdırlı kəndində artıq 2 ilə yaxın müddətdir ki, tər tökməsinə baxmayaraq əməyinin haqqını ala bilmir. Şikayətçi bildirir ki, qardaşı ilə birlikdə 2025-ci ilin əvvəllərindən Xıdırlı kəndində atalarına məxsus traktorla işləməyə başlayıblar. Öncə Elxan Paşayev və Tahir İsgəndərova məxsus “Elta” şirkəti, 2025-ci ilin mart ayından etibarən isə Caspian Capital Group şirkəti ilə bağlanmış müqavilələr əsasında fəaliyyət göstəriblər. İlk öncə bir neçə ayın ödənişini alsalar da 2025-ci ilin martından ,dekabrına qədər həm Xıdırlı layihəsində, həm də Ağdam şəhər 11-ci məhəllənin tikintisində işləmələrinə baxmayaraq heç bir vəsait ödənilməyib. Elxan Paşayev və Tahir Isgəndərova məxsus Caspian Capital Group şirkəti qardaşların əmək haqqını ödəməkdən imtina edir. Aylardır “bu gün-sabah” oyununa düşən, aldadılan qardaşların döymədiyi qapı qalmayıb. Artıq Xıdırlı layihəsi demək olar ki, başa çatmasına baxmayaraq öz texnikası ilə burada çalışan Qurbanov qardaşlarının haqqı verilmir. Hər dəfə yalan vədlərlə aldadılan qardaşların maddi durumu çətinləşir. İndiki bahalıq dövründə aylarla əmək haqqını ala bilməyən Qurbanovlar dövlət başçısından, birinci vitse-prezidentdən və ölkənin baş purakroru Kamran Əliyevdən kömək istəyirlər.
“İllərlə həsrətini çəkdiyimiz torpaqlarda fırıldağın qurbanı olmağımız bizi çox incidir. Şəhid ailəsi kimi bizə edilən bu hörmətsizliyi bütün xalqımıza qarşı hörmətsizlik kimi qəbul edirik. Niyə görə aylardır ki, öz halal haqqımızı ala bilmirik ? Qarabağı ona görə azad etdilər ki, kimlərsə burda öz qara əməllərini reallaşdırsın ? Xahiş edirik dövlət başçımız, Mehriban xanım bu özbaşnalıqlara son qoysun, bizim halal haqqımızı almamıza yardımçı olsun !”