Banklar hansı hallarda kredit verməkdən çəkinir? — Əsas meyarlarla bağlı AÇIQLAMA

Son dövrlərdə banklardan kredit almaq istəyən vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri müraciətlərin müxtəlif səbəblərdən rədd edilməsidir. Eyni gəlir səviyyəsinə malik şəxslər belə banklardan fərqli cavablar ala bilirlər. Banklar kredit müraciətlərini qiymətləndirərkən müştərinin gəliri, iş yeri, yaşı, əvvəlki ödəniş tarixçəsi və digər maliyyə göstəricilərini nəzərə alırlar. Bəs banklar hansı hallarda müştəriyə kredit verməkdən çəkinir və bu qərarın əsas meyarları nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, banklar kredit qərarı verərkən müəyyən statistik göstəricilərlə yanaşı, müştərinin maliyyə vəziyyətini də nəzərə alırlar.

Ekspertin sözlərinə görə, əsas meyarlardan biri şəxsin aylıq gəliridir:

“Bəzi müştərilər deyirlər ki, banklar kredit verməkdən çəkinir. Burada statistik göstəricilər də nəzərə alınır. Hansı müştərilərdə problem yaranma ehtimalının daha yüksək olduğuna baxılır. Bu, onların maaşı ilə də bağlıdır. Əsas meyar aylıq gəlirdir. Həmçinin müştərinin işi, yaşı və digər göstəriciləri də nəzərə alınır”.

Ə. Həsənov qeyd edib ki, banklar müştərinin əvvəlki maliyyə davranışlarını və mövcud kredit öhdəliklərini də qiymətləndirərək onun üçün riskin yüksək və ya aşağı olduğunu müəyyənləşdirirlər. Bu qiymətləndirmənin nəticəsindən asılı olaraq bəzi şəxslərin kredit müraciətinə müsbət cavab verilməyə bilər.

Ekspertin fikrincə, eyni gəlir səviyyəsinə malik şəxslərin kredit əldə etmək imkanları da fərqli ola bilər. Çünki bank üçün yalnız maaşın məbləği deyil, həmin gəlirin davamlılığı, iş yerinin sabitliyi, mövcud kredit öhdəlikləri və müştərinin əvvəlki ödəniş intizamı da əhəmiyyət daşıyır.

Beləliklə, bankların müəyyən müştərilərə kredit verməkdən çəkinməsi əsasən risklərin qiymətləndirilməsi ilə bağlıdır. Müştərinin maliyyə vəziyyəti və kredit tarixçəsi bankın müəyyən etdiyi meyarlara uyğun gəldikdə isə kredit almaq ehtimalı artır.

Tarix: Dünən, 17:42
Xəbəri paylaş



Xəbər lenti