Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (VÖEN: 1501267101) tərəfindən keçirilən tenderin qalibi müəyyənləşib.
Bizimesr.com xəbər verir ki, ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması ilə bağlı tenderin qalibi “Texno Lyuks M” MMC (VÖEN: 2905154871) olub. Şirkətlə 7 milyon 990 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, qalib şirkət 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev.24, m.12 hüquqi ünvanında yerləşir.
Məlumat üçün bildirək ki, dövlət satınalmalarının vahid elektron internet portalında olan məlumata görə, bu şirkət yalnız Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin tenderlərinin qalibi olur. Belə ki, şirkət 2024-cü ildə ümumi dəyəri 8 milyon 845 min manat olan iki tenderin, 2025-ci ildə ümumi dəyəri 9 milyon 665 min manat olan üç tenderin, 2026-cı ildə də ümumi dəyəri 17 milyon 70 min manat olan üç tenderin qalibi olub. Son üç ildə dövlət qurumu ilə şirkət arasında 26 milyon 727 min manatlıq satınalma müqaviləsi imzalanıb.




















