Qarabağ Regional Təhsil İdarəsi Əli Həsənovun şirkəti ilə 54 min manatlıq müqavilə bağladı

Qarabağ Regional Təhsil İdarəsi dövri mətbuat xidmətlərinə abunəliyin təmin edilməsi məqsədilə həyata keçirdiyi satınalma prosesini yekunlaşdıraraq "Azərmətbuatyayım" ASC ilə rəsmi müqavilə bağlayıb.

32gun.az yazır ki, müqavilənin ümumi dəyəri 54.600 AZN təşkil edir. 

Mətbuatda gedən məlumatlara görə,"Azərmətbuatyayım" ASC-nin mülkiyyət strukturu uzun illərdir Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun ailəsi ilə bağlılığını qoruyub saxlayır. Hazırda cəmiyyətin mərkəzi ofisinin yerləşdiyi Bakı şəhəri, Ceyhun Hacıbəyli 30K ünvanı vaxtilə bu şəbəkənin digər qollarının da əsas fəaliyyət mərkəzi kimi tanınırdı. Lakin 2021-ci ildən etibarən bu qrupun media aktivlərində ciddi struktur dəyişikliyi baş verib; belə ki, "Kaspi" qəzeti və saytı artıq Əli Həsənovun ailəsinə məxsus deyil və rəsmən "Global Media Group"a satılıb. Buna baxmayaraq, "Azərmətbuatyayım" ASC ölkə üzrə yüzlərlə mətbuat köşkü və dövlət tenderlərindəki iştirakı ilə hələ də həmin ailəyə yaxın şəxslərin idarəçiliyində qalmaqdadır. Qurum bu il də dövlət müəssisələrinin mətbu nəşrlərlə təmin edilməsi üzrə iri satınalma müqavilələrinin əsas icraçısı kimi fəaliyyətini sürdürür. 

Xatırladaq ki, Qarabağ Regional Təhsil İdarəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə (həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə) tabedir. Qurumun müdiri isə Sənan Mənsimlidir.

Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Eldar oğlu Əmrullayevdir. 

Tarix: Bu gün, 10:30
Xəbəri paylaş



Xəbər lenti