
Birbank kartından ABB kartına köçürdüyü 100 manatın qarşı tərəfin hesabına daxil olmadığını bildirən vətəndaş banklardan şikayətçidir.
Plat.az xəbər verir ki, bu barədə Fərhad Hümbətov sosial şəbəkədə paylaşım edib.
Vətəndaşın sözlərinə görə, o, müxtəlif tarixlərdə Birbank kartından özünə məxsus ABB kartına bir neçə köçürmə həyata keçirib. Ümumi məbləği 100 manat olan vəsait Birbank hesabından silinsə də, ABB kartına daxil olmayıb.
Fərhad Hümbətov bildirib ki, problemlə əlaqədar hər iki banka rəsmi müraciət edib və yazılı cavab alıb. Onun iddiasına əsasən, Birbank vəsaitin hesabdan çıxdığını təsdiqləsə də, ABB həmin məbləğin karta daxil olmadığını bildirib.
Nəticədə vətəndaşın vəsaitinin harada olduğu müəyyənləşdirilməyib.
Şikayətçi məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına və Ombudsmana da müraciət etdiyini qeyd edib. Onun sözlərinə görə, Mərkəzi Bank araşdırmanın davam etdiyini bildirib.
Fərhad Hümbətov hesabından silinən 100 manatın taleyinə aydınlıq gətirilməsini, köçürməyə görə məsuliyyət daşıyan tərəfin müəyyən olunmasını və pulunun geri qaytarılmasını tələb edir.
“Hesabımdan çıxan 100 manat hazırda haradadır? Köçürmənin taleyinə görə hansı bank məsuliyyət daşıyır? Nə üçün vətəndaş öz pulunu geri almaq üçün uzun müddət mübarizə aparmalıdır?” – deyə şikayətçi bildirib.
Vətəndaşın paylaşımına ABB-nin rəsmi sosial şəbəkə hesabından da münasibət bildirilib. Bank yaranmış vəziyyətdən təəssüfləndiyini qeyd edərək müraciətin nəzərdən keçiriləcəyini və növbəti iş günü ərzində vətəndaşla əlaqə saxlanılacağını açıqlayıb.
Məsələ ilə bağlı şərhlərdə digər istifadəçilər də banklararası köçürmələrlə bağlı oxşar problemlərlə üzləşdiklərini iddia ediblər.
Qeyd edək ki, “Birbank” 2018-ci ildə istifadəyə verilib, 2021-ci ildə isə "Kapital Bank"ın rəqəmsal bankı kimi inkişaf etdirilib.
"Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "Bir Ekosistem" MMC-dir.