
Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən çıxarılması ilə bağlı müxtəlif səbəblər açıqlanır.
Anaxeber.com.az məlumat verir ki, mətbuatda və sosial mediada sabiq rektor Elçin Babayevlə bağlı fərqli iddialar səslənməkdədir.
Lakin bu xəbərlər arasında keçmiş rektorun sabiq PA rəhbəri Ramiz Mehdiyevlə əlaqələri, onun komandasında yer alması mərkəzi versiya olaraq qalmaqdadır.
Yəni Elçin Babayevin BDU rektoru postundan çıxarılmasına əsas səbəb dövlətə xəyanət ittihamı ilə 14 il ev dustaqlığına məhkum edilmiş Ramiz Mehdiyevlə münasibətləri göstərilir.
Eyni zamanda, onun vəzifəsindən azad edildiyi bir vaxtda BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) intihar etdiyi üzə çıxıb.
Bu hadisənin birbaşa Elçin Babayevlə əlaqəli olub-olmadığı bilinməsə də, mediada bu haqda müxtəlif iddialar səslənməkdədir.
Nəriman Süleymanov 12 noyabrdan bəri “Tələbə mediası” adlı səhifədə ona qarşı şər-böhtan kampaniyası aparıldığını bildirib. Onun sözlərinə görə, söhbət bir qrup qıza qarşı əxlaqsız hərəkətlərdən gedir. O, qızlara qarşı əxlaqsızlığına aid heç bir dəlil-sübut olmadığını vurğulayıb.
O, yazıb ki, onlar bir alimi deyil, onun ailəsini də ləkələyiblər. “Səsimin eşidilməz olduğunu nəzərə alaraq, mənə atılan bu çirkab övladlarıma sıçramasın deyə, intiharı yeganə çıxış yolu seçdim. Mən bu yazını Facebook səhifəmdə yerləşdirib bu dünyadan gedirəm. Sizdən tək istəyim mənim qatillərimi tapıb, onların layiq olduqları cəzanı verin. Kimsənin haqqı yox ki, mənim ailəmi başsız, övladlarımı gözü yaşlı qopsun”, - N.Qocatürk yazıb.
Bu hadisə ilə bağlı səslənən iddia ondan ibarətdir ki, keçmiş rektor Elçin Babayev Nəriman Süleymanova təzyiq göstərirmiş. Ancaq məlumatın nə dərəcədə doğru olduğu haqda mühakimə yürütmək çətindir. Bütün hallarda BDU-da iki olayın eyni vaxta təsadüf etməsi suallar doğruur: Elçin Babayev Ramiz Mehdiyevin komandasında yer aldığına görə rektorluqdan kənarlaşdırılıb, yoxsa bu intihar olayının da təsiri olub?
Onu da yada salaq ki, bir müddət əvvəl təhsil eksperti, sabiq deputat Etibar Əliyev də ən böyük mehdiyevçilərdən birinin Elçin Babayev olduğunu iddia edib.
Sitat: “Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da Hesablama riyaziyyatı kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet-iqamətgah yaradılıb”.
Etibar Əliyev qeyd etmişdi ki, Ramiz Mehdiyevin zooloq ixtisaslı qızı da 2010-cu ildən BDU-da Sosial və pedaqoji psixologiya kafedrasına rəhbərlik edir: "Ona da xüsusi kafedra-iqamətgah yaradıblar”.
Keçmiş deputat Elmin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı da sabiq rektoru hədəfə alaraq bildirib: "Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev, icraçı direktoru isə Elçin Babayev olduğu dövr çox ciddi şəkildə yoxlanılmalıdır”.
"Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Hüquq fakültəsində fənlərin adının dəyişdirilməsi, dərs saatlarının bölgüsünü hələ də 95 yaşlı Məsumə Məlikova ilə məsləhətləşir. Bu çoxbilmiş rektor müəllimimiz, Heydər Əliyevin ən yaxın silahdaşı, 91-lərin ən ləyaqətli üzvlərindən biri olan professor, əməkdar elm xadimi Şahlar Əsgərovun 80 illik yubileyini keçirmədi. Bununla o, ağsaqqalı Ramiz Mehdiyevin 91-lərə olan nifrətini biruzə verdi. Ancaq universitetin qara ləkəsi olan Məsumə Məlikovanın 95 illiyini təntənəli şəkildə keçirdi.
E.Babayev guya fizikdir. Müəllimlərimiz, professorlar Niftalı Qocayevin, Eldar Məsimovun, Məmməd Əliyevin, Nadir Qəhrəmanovun yubileyləri universitetdə keçirilmədi, ancaq universitetlə heç bir əlaqəsi olmayan, dostu və yerlisi Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilovun yubileyi təntənəli şəkildə keçirildi. Dərəbəylikdir… Ölkənin Baş Universitetində bu qədər ayrı seçkilik, intriqa yaratmaqmı olar? Adam universiteti dədə mülkü kimi idarə edir”, deyə E.Əliyev yazmışdı.
Onu da deyək ki, bundan sonra BDU-da maliyyə yoxlamaları da aparıla bilər. Babayevin dövründə mənimsəmələrin üzə çıxarılması mümkündür. Onun Mehdiyevlə işbirliyinin də araşdırılacağı gözlənilir.
Azər Talıbov