Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?


Masazırda şəhid Əsəd Həsənovun adını daşıyan küçədə aparılan tikinti ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin redaksiyamıza verdiyi cavab şübhələri aradan qaldırmaq əvəzinə yeni və daha ciddi suallar yaradıb.

Bizimesr.media xəbər verir ki, ərazi inzibati baxımdan Abdin Fərzəliyevin rəhbərlik etdiyi Abşeron Rayon İcra Hakimiyyətinə aiddir.

Buna görə də rayon ərazisində göz önündə yüksələn bu tikili ilə bağlı İcra Hakimiyyətinin mövqeyi xüsusi əhəmiyyət daşıyır.

İcra Hakimiyyəti bildirir ki, vətəndaş Hüseynov Fərail Ağaqulu oğlunun mülkiyyətində olan torpaq sahəsində 10.06.2026-cı il tarixli, EDO-15230/2026 nömrəli müraciət əsasında məlumatlandırma icraatı həyata keçirilib və obyekt Tikintilərin Dövlət Reyestrində qeydə alınıb.

Amma əsas məsələ də elə buradan başlayır.

Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, məlumatlandırma icraatı maksimum 3 yerüstü mərtəbəsi və 12 metr hündürlüyü olan fərdi yaşayış evlərinə tətbiq edilir.

Masazırda isə faktiki olaraq hündürmərtəbəli yaşayış binası tikilir.

Belə olan halda Abdin Fərzəliyevin rəhbərlik etdiyi İcra Hakimiyyətinin təqdim etdiyi reyestr nömrəsi hansı suala cavab verir?

Əgər sənəd məlumatlandırma icraatı əsasında rəsmiləşdirilibsə, bu sənəd hündürmərtəbəli yaşayış binasının tikintisinə necə əsas ola bilər?

Ola bilmirsə, bina hansı icazə əsasında tikilir?

İcra Hakimiyyəti bu suala cavab vermək əvəzinə reyestr qeydiyyatını göstərməklə kifayətlənib.

Halbuki reyestrdə qeydiyyatın olması tikinti aparan şəxsə layihədən kənara çıxaraq istənilən sayda mərtəbə tikmək hüququ vermir.

Məsələ reyestr nömrəsinin olub-olmaması deyil. Məsələ həmin nömrənin arxasında hansı layihənin dayanması və hazırda ərazidə faktiki olaraq nə tikilməsidir.

Ortada sadə, amma çox ciddi ziddiyyət var: sənəd məlumatlandırma icraatına aiddirsə, söhbət maksimum 3 mərtəbəli fərdi yaşayış evindən getməlidir. Ərazidə isə göz önündə hündürmərtəbəli bina yüksəlir.

Bunu görmək üçün ekspertiza aparmağa belə ehtiyac yoxdur.

Üstəlik, redaksiyaya daxil olan məlumatlara görə, sənədlərdə adı göstərilən Fərail Hüseynov Masazırda daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan şəxs kimi tanınır və bundan əvvəl də ərazidə bir neçə yaşayış obyektinin tikintisi ilə əlaqəli olub.

Bu məlumatları hüquqi fakt kimi təqdim etmirik. Ancaq həmin obyektlərin hansı icazələr əsasında tikilməsi, təsdiqlənmiş layihələrə uyğunluğu və istismara qəbul sənədlərinin olub-olmaması aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalıdır.

Burada Abdin Fərzəliyevin rəhbərlik etdiyi Abşeron Rayon İcra Hakimiyyətinin üzərinə də konkret suallar düşür.

Rayon ərazisində belə bir bina mərtəbə-mərtəbə yüksəlirsə, İcra Hakimiyyəti faktiki tikilinin təqdim edilmiş layihəyə uyğun olub-olmadığını araşdırıbmı?

EDO-15230/2026 nömrəli sənəddə neçə mərtəbə göstərilib?

Layihədə binanın hündürlüyü neçə metrdir?

Sənəddə obyekt fərdi yaşayış evi, yoxsa çoxmənzilli yaşayış binası kimi göstərilib?

Faktiki tikilən hündürmərtəbəli bina təsdiqlənmiş layihəyə uyğundurmu?

Hündürmərtəbəli bina üçün ayrıca tikinti icazəsi varsa, həmin sənəd niyə redaksiyaya təqdim edilməyib?

Belə bir icazə yoxdursa, tikinti niyə dayandırılmır?

Abşeron Rayon İcra Hakimiyyətinin əvvəlki cavabı bu sualların heç birinə aydınlıq gətirmir.

Əksinə, “məlumatlandırma icraatı” ifadəsi İcra Hakimiyyətinin cavabının özünü sual altına salır.

İndi Abdin Fərzəliyevin rəhbərlik etdiyi qurumdan ümumi ifadələr və reyestr nömrələri deyil, konkret cavab və sənəd gözlənilir.

Ya faktiki tikilən hündürmərtəbəli binanın qanuni icazəsi var – açıqlansın. Ya da belə bir icazə yoxdur - onda Abşeronun mərkəzində bu binanın kimin himayəsi ilə mərtəbə-mərtəbə yüksəldiyi izah edilsin.

Mövzunu diqqətdə saxlayacağıq.

Bizimesr.media

Tarix: Bu gün, 09:43
Xəbəri paylaş



Xəbər lenti