SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl - Qrant qazanmağın daha bir yolu/FOTOLAR

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Yüksək vəzifəli şəxslərə məxsus QHT-lərin hər il ardıcıl qrant almasının səbəbləri izah olunmalıdır

Yenixeberorg.com: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrindəki seçimlərlə bağlı dəfələrlə ciddi faktları ortaya qoysaq da, nədənsə aidiyyəti hüquq-mühafizə orqanları bunları görməzdən gəlir. Dəfələrlə müxtəlif faktlar, nümunələr və şübhə doğuran məqamlar ictimaiyyətə təqdim edilsə də, aidiyyəti qurumların bu məsələlərə ya səssiz qalması, ya da formal reaksiyalarla kifayətlənməsi diqqətdən yayınmır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən rəsmi açıqlamalarda şəffaflıq, obyektiv seçim və bərabər imkanlar vurğulansa da, praktikada fərqli mənzərə ilə qarşılaşdığını iddia edənlərin sayı az deyil. Müsabiqə kriteriyalarının kağız üzərində qaldığı, real seçimlərin isə başqa amillərlə müəyyənləşdiyi barədə fikirlər getdikcə daha çox səslənir...

Bu istiqamətdə "Yenixeberorg.com"-a ötürülən nümunələrdən biri də SOCAR əməkdaşı İmaməddin Quliyevin rəhbərlik etdiyi “Azərbaycan Könüllülər” İctimai Birliyinin son illərdə ardıcıl şəkildə qrantlar qazanmasıdır.


Rəsmi məlumatlara görə:

2023-cü il: Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər – 7000 manat,

2024-cü il: Yaşıl könüllülər – 12000 manat,

2025-ci il: Yaşıl yollarla gələcəyə sağlam addımlar – 11000 manat,

2026-cı il: Könüllülər yol təhlükəsizliyinin təşviqində - 10000 manat.

Məbləğlərin artımı və layihə mövzularının bir-birinə yaxınlığı da suallar yaradır. Bu layihələrin real təsiri, ölçülə bilən nəticələri, davamlılığı və ictimai faydası barədə geniş və əlçatan hesabatlar varmı? Əgər varsa, niyə bu nəticələr görünmür?

Digər tərəfdən, yüksək vəzifədə çalışan və əsas işi başqa sahə olan bir şəxsin rəhbərlik etdiyi təşkilatın hər il ardıcıl şəkildə maliyyə dəstəyi alması da müzakirə mövzusudur. Bu, sadəcə peşəkar layihə yazmaq bacarığının nəticəsi deyil, birbaşa sistem daxilində müəyyən üstünlüklərin mövcudluğuna işarədir. Sənin harada və kiminlə işləməyin çox önəmlidir.

Əsas məsələ konkret bir təşkilat və ya şəxs deyil. Əsas məsələ sistemin özüdür. Əgər həqiqətən də seçimlər tam şəffaf və obyektivdirsə, o zaman qalib layihələrin detallı nəticələri ictimaiyyətə təqdim edilməli, müxtəlif qurumlarda işləyən şəxslərə məxsus təşkilatların ardıcıl qalib olmasının səbəbləri əsaslandırılmalıdır. Hətta yüksək vəzifəli digər şəxslərə məxsus QHT-lərin hər il ardıcıl qrant almasının səbəbləri izah olunmalıdır.

Əks halda, dövlət büdcəsindən ayrılan vəsaitlərin real ictimai təşəbbüslərə deyil, müəyyən çevrələr daxilində bölüşdürülməsi ilə bağlı şübhələr öz təsdiqini tapmış olur.

Qeyd: İmaməddin Quliyevin dünən SOCAR rəhbərliyi ilə birgə iştirak etdiyi tədbirdən fotosunu da təqdim edirik.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.


Tarix: Bu gün, 17:44
Xəbəri paylaş



Xəbər lenti