
Tərtər Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə 06.05.2026-cı il tarixində Tərtər şəhərində 16 işəgötürənin iştirakı ilə işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti “Əmək yarmarkası” keçirilmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının müdiri Babək Tağıyev iştirak ediblər. Rəsmi qonaqlar yarmarkaya qatılan sakinlərlə görüşüb, onların müraciətləri və qayğıları ilə yaxından maraqlanıblar. Rayon rəhbəri və filial müdiri vakansiyaların təqdim olunma prosesini və yarmarkanın dinamikasını izləyərək, işəgötürənlərlə namizədlər arasında birbaşa ünsiyyətin əhəmiyyətini vurğulayıblar.
İşəgötürənlər tərəfindən mövcud vakansiyalar barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran vətəndaşlara ümumilikdə 104 vakant iş yeri təqdim olunmuşdur.
Filial tərəfindən təqdim olunmuş vakansiyalar təhlil edilərək Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 209 vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilmişdir. Cəlb olunan şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar da yer almışdır.
Yarmarka zamanı vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.