
“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, görüşdə ABŞ-nin Rusiyaya təzyiqi və Ukraynaya yardım məsələsi müzakirə edilib. Mənbələrə görə, Kallas Rubionu Vaşinqtonun Moskvaya təzyiqi artırmadığına görə sərt tənqid edib və Dövlət Katibinə bir il əvvəl ABŞ-nin bu cür tədbirlər görməyə hazır olması barədə dediklərini xatırladıb.
"Bir il keçib, Rusiya tərpənməyib. Səbriniz nə vaxt tükənəcək?", - Kallas Rubiodan soruşub.
“Axios” mənbələrinə görə, Rubio Kallasın dediklərinə əsəbiləşib və səsini qaldıraraq cavab verib: "Müharibəni bitirmək üçün əlimizdən gələni edirik. Bunu daha yaxşı edə biləcəyinizi düşünürsünüzsə, buyurun. Biz kənara çəkilə bilərik".
ABŞ Dövlət Katibi həmçinin deyib ki, Vaşinqton hər iki tərəflə danışıqlar aparmağa çalışır, lakin yalnız birinə - Ukraynaya - silah, kəşfiyyat və digər dəstək verməklə kömək edir.
Bu müzakirədən sonra bir neçə Avropa naziri müdaxilə edərək, ABŞ-nin Rusiya-Ukrayna münaqişəsini həll etmək üçün diplomatik səylərini davam etdirməsini istədiklərini bildiriblər. Digər iki mənbəyə görə, Rubio və Kallas fikir ayrılıqlarını həll etmək üçün görüşün sonunda qısa fasilə veriblər.
G7 görüşündən sonra jurnalistlərlə söhbətində Rubio hər hansı fikir ayrılığı və ya qalmaqal olduğunu təkzib etməyə məcbur olub: "Heç kim qışqırmır, səsini qaldırmır və ya mənfi bir şey demir".