
Səbayil rayonunun Sahil filialında fəaliyyət göstərən “Boranı” restoranında müştəri ilə rəhbərlik arasında mübahisə yaşandığı iddia olunur.
Bu barədə “Real Azərbaycan”a danışan restoranın müştərisi Şəms Mirzəzadənin sözlərinə görə, o, bu gün restoranda əyləşərək bir fincan çay sifariş edib. Lakin ona təqdim olunan fincanın ləkəli olduğunu görüb və vəziyyəti rəhbərliyin diqqətinə çatdırıb.
Şəms Mirzəzadə fincanın şəklini çəkmək istədikdə isə restoran rəhbərliyinin buna mane olduğunu və foto çəkməsinə icazə verilmədiyini iddia edib.
Onun sözlərinə görə, daha sonra fincan dəyişdirilsə də, münasibət bununla bitməyib:
“Fincanı dəyişdilər, sonra isə mənə dedilər ki, çayınızı içəndən sonra qalxıb gedin. Təəssüflə bildirirəm ki, mən əvvəllər ‘Boranı’ şirkətinin əməkdaşı olmuşam. Düşünürəm ki, bundan istifadə edərək mənə qarşı kobud davrandılar”.
Şəms Mirzəzadənin iddiasına görə, bir müddət sonra ona əyləşdiyi masanın rezerv edildiyi və həmin masada xidmət göstərilməyəcəyi bildirilib. O, başqa masaya keçə biləcəyini desə də, restoran əməkdaşlarının yenə də ona xidmət göstərilməyəcəyini söylədiklərini iddia edir.
Müştərinin sözlərinə görə, heç kimi narahat etməməsinə baxmayaraq, hadisə ilə bağlı polis də çağırılıb.
Şəms Mirzəzadə hesab edir ki, adi müştəri şikayətinin bu həddə çatması təəssüf doğurur. O, baş verənlərə aydınlıq gətirilməsini istəyir.
Qeyd: Müştərinin polis çağırılması ilə bağlı iddiası və hadisənin digər təfərrüatları hələlik qarşı tərəfin mövqeyi ilə təsdiqlənməyib. Dövlət qurumlarına əsassız müraciət edilməsi ilə bağlı hüquqi qiymətləndirmə isə müvafiq hallar araşdırıldıqdan sonra verilə bilər.
“Real Azərbaycan” olaraq hadisə ilə bağlı “Boranı” restoranının rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.