Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR


Azərbaycan Ordusunun zabiti, Vətən müharibəsi və Aprel döyüşləri iştirakçısı Bəhruz Alışov Binəqədi Rayon İcra Hakimiyyətindən narazıdır.

Bəhruz Alışov iddia edir ki, heç bir əsas olmadan evi sökülüb. Onun sözlərinə görə, evinin çıxarışı olmasına və məhkəmədə qalib gəlməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.

Bəhruz Alışov məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edərək, problemin həllinə kömək göstərilməsini xahiş edib.

Gununsesi.info həmin müraciəti təqdim edir:

“Hörmətli cənab Prezident,

Baş nazir təcili olaraq Nazirlər Kabinetinin iclasını çağırmalıdır. Çünki mənim başıma gələn müsibətli hadisələr göstərir ki, xüsusi mülkiyyətdə olan torpaqlara çıxarış verilməsi məsələsində hökumətin ayrı-ayrı qurumları arasında koordinasiyalı fəaliyyət yoxdur və bu sahədə ciddi qüsurlar və nöqsanlar vardır. Bütün bu məsələləri Nazirlər Kabineti tənzimləməli olduğu halda, bu sahədə heç bir iş görülməyib, nticədə mən və mənim kimi sadə vətəndaşlar əziyyət çəkir və qurumlarıarası münaqişələrin və ya ziddiyyətli mövqelərin qurbanı oluruq. Bu da çox ciddi məsələdir.

 

Bu ciddi qüsurlardan biri ondan ibarətdir ki, Hökumətin bir qurumu o biri qurumun verdiyi sənədləri qəbul etmir, tanımır və öz diskression səlahiyyətləri çərçivəsində əsassız hesab edir. Bu cür idarəçilik dövlətçilik üçün təhlükəlidir və vətəndaşların dövlət hakimiyyəti orqanlarına və nümayəndələrinə etibarını və inamını sarsıdır. Bu artıq hökumətin ayrı-ayrı qurumları arasında koordinasiyalı idarəçiliyin olmaması anlamına gəlməkdədir. Yəni bu koordinasiyalı fəaliyyəti Nazirlər Kabineti təmin etməlidir. Görünən odur ki, belə bir fəaliyyət təmin edilməyib.

 

Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin veridiyi 1124100483 nömrəli 19.07.2024-cü il tarixli çıxarışa görə Novxanı qəsəbəsi, Goradil bağlar massivi 285D ünvanında yerləşən torpaq sahəsi mənə məxsusdur.  Bu torpaq sahəsi mənim xüsusi mülkiyyətimdir. Torpaq sahəsi kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları” hesab olunur.

 

Bakı şəhər Binəqədi rayon icra hakimiyyəti isə deyir ki, AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “ Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na görə torpaq sahəmin yerləşdiyi həmin ərazi hazırda çoxfunksiyalı ictimai-işgüzar (Turizm) zonasına aid edilmişdir və odur ki, Binəqədi rayon icra hakimiyyəti həmin ərazidə mənə fərdi yaşayış evi tikməyə icazə vermir. Bəs mən nə etməliyəm? NAZİRLƏR KABİNETİ desin zəhmət olmasa.

 

Nəyə görə mən qurumlararası mübahisələrin qurbanı olmalıyam? Nəyə görə Binəqədi rayon icra hakimiyyəti hökumətin bir qurumunun mənə verdiyi sənədə görə mənimlə və ailəmlə çəkişməlidir və ya nəyə görə biz onlarla məhkəmə çəkişməsinə çıxmalıyıq? Bu, adi məhkəmə çəkişməsi deyildir. Bu məhkəmə çəkişməsinin predmeti, sözün həqiqi mənasında, hökumətin ayrı-ayrı qurumları arasında mövcud olan ziddiyyətlərin həll edilməsi və aradan qaldırılmasına həsr edilmişdir. Əslində bu məsələni Baş Nazirin başçılıq etdiyi Nazirlər Kabineti həll etməlidir. Mən Nazirlər Kabinetinin yerinizdə bu məsələni məhkəmələrdə həll etməli deyiləm.

 

Bundan başqa, Binəqədi rayon icra hakimiyyətinin mövqeyinin yanlış olub-olmamasına aydınlıq gətirmək üçün mən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə bir daha müraciət etdim və hətta Goradil bağlar massivi 285D ünvanında yerləşən mənə məxsus torpaq sahəsinin təyinatının dəyişdirilməsini, yəni qeyri-yaşayış sahəsi barədə çıxarış verməsini xahiş etdim. Lakin sözügedən Publik Hüquqi Şəxs özünün 21.07.2025-ci il tarixli 3-21-3-02/2-A-0072-8/2025 nömrəli məktubunda torpaq sahəmin yaşayış məntəqələrinin torpaqları kateqoriyasının hüdudları daxilində yerləşdiyini bir daha təsdiq etdi.

 

Binəqədi rayon icra hakimiyyəti isə bundan sonra yenə də iddialarından əl çəkmədi.

 

Ona görə də bir daha təkrar edirəm ki, bu məsələni məhkəmələr yox, Nazirlər Kabineti həll etməlidir. Cənab Baş Nazirdən xahiş etmişəm ki, təcili şəkildə hökumətin iclasını çağırmalı və bütün dövlət qurumlarının iştirakı ilə bu məsələyə aydınlıq gətirməlidir ki, bu cür məsələlər bir daha təkrar olmasın.


Sual ortaya çıxır: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi çıxarış Baş Nazirin qərarı ilə təsdiq edilmiş Baş Plana ziddirsə, nəyə görə bu qurum 2025-ci ildə mənə eyni formada yazır ki, bu ərazi “yaşayış məntəqələrinin torpaqları” hesab olunur? Yox, əgər Binəqədi rayon icra hakimiyyətinin mövqeyi yanlışdırsa, onda onlara başa salmalıdırlar ki, mövqeləri yanlışdır və qoy məndən əl çəksinlər. Əslində Binəqədi rayon icra hakimyyəti bu məsələni Prezident Administrasiyasında qaldırmalı və həll etməli idi. Amma Binəqədi rayon icra hakimyyəti İqtisadiyyat Nazirliyindən ehtiyyat edərək, çəkinərək bu məsələni Prezident Administrasiyasında qaldırmayıb və qaldırmaq da istəmir. Bu iki qurum bu məsələni özü öz arasında həll etməlidir ki, Goradil bağlar massivi 285D ünvanında mənə fərdi yaşayış evi üçün çıxarış verilməli idi ya yox? Necə ola bilər ki, çıxarış verən bir dövlət qurumu Baş Nazirin verdiyi Baş Plandan xəbərsizdir və ya bu Baş Planı nəzərə almır? Bu suala Nazirlər Kabineti cavab verməlidir, mən yox.

 

Nəhayət, hər bir halda, mən iki qurum arasında gedən “müharibə”nin qurbanı olmaq istəmirəm. Binəqədi rayon icra hakimiyyəti mənə iki ildir ki, əzab verir, işgəncə verir, mənim tikdiyim yardımçı təsərrüfatımı və tikilimi gizlincə darmadağın etmişdir. Nazirlər Kabineti bu məsələlərə aydınlıq gətirməlidir. Hər bir halda, hökumət mənə dəymiş 31 min manat məbləğində maddi ziyanı və 10 min manat məbləğində mənəvi ziyanı ödəməlidir, aldığım torpaq sahəmin pulunu isə bazar qiymətinə uyğun olaraq mənə qaytarmalıdır və ayrı-ayrı qurumların, ilk növbədə, Binəqədi rayon icra hakimiyyəti ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi arasındakı koordinasiyalı fəaliyyəti təmin etməlidir və s.

 

Qoşma: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə yazdığım məktubun və cavabın surəti, dağıntı və söküntü şəkilləri, başı bəlalı çıxarışın surəti, mənə verilmiş medallar

 

Hörmətlə,

Mayor Alışov Bəhruz Ağabəy oğlu

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin baş müəllimi, Vətən müharibəsi iştirakçısı, Aprel döyüşlərinin iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin zabiti; 0506278686″


Tarix: Dünən, 17:48
Xəbəri paylaş



Xəbər lenti